Prezidentin müraciəti ideyanın məzmununu dünyaya çatdırmaq baxımından əhəmiyyətlidir - ÖZƏL

"Prezident İlham Əliyev "Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi" mövzusunda keçirilən bu konfrans və prezidentin müraciəti böyük milli miqyasda və beynəlxalq miqyasda böyük təsirləri olan hadisədir". 

Bunu Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

"Qərbi  Azərbaycan mövzusu Azərbaycan dövlətinin böyük bir mərhələ üçün xüsusi milli ideologiyasına çevrilmək gücündə olan ideyadır. Heç şübhəsiz ki, bu, gələcəkdə Azərbaycan dövlətinin və xalqının müəyyən bir mərhələ üçün milli ideologiyasının əsasında dayanan əsas tezislərdən birinə çevriləcək. Qərbi Azərbaycan mövzusu ideyasını ilk dəfə olaraq milli miqyasda və dünya miqyasında arenaya gətirən də cənab Prezidentdir. Prezident ilk dəfə Vətən müharibəsindən sonrakı dövrdə bu məsələni gündəmə gətirdi və çox haqlı olaraq həm milli ideya müstəvisində yaranmış boşluğu doldurmaq, həm də cəmiyyəti, dövləti, milləti yeni bir milli hədəfə yönəltmək baxımından bu ideyanı, bu hədəfi, məqsədi böyük bir strategiya kimi ortaya qoydu. 
Bu   konfrans da Azərbaycanın böyük bir probleminin həll olunmasının beynəlmiləlləşməsinə xidmət edən tədbirdir. Nə qədər çox geniş miqyasda dünyada Qərbi azərbaycanlılar probleminin olmağından məlumatlı olsa, bu, bizim işimizi bir o qədər yaxşılaşdıracaq və prezident də müraciətində bu ideyanın həyata keçirilməsi üçün dünyanın bütün mütərəqqi qüvvələrinə, azərbaycanlılara, Azərbaycanın dostlarına çox təsirli mesajlar verdi. Eyni zamanda, düşmənləri də bu mesajlardan öz paylarını götürdülər ki, həmçinin götürməlidirlər ki, Azərbaycan bu ideyanı, sadəcə dəb xatirinə ortaya atmayıb. Bu, Azərbaycanın milli strateji seçimidir və bu hədəf hər hansı bir dövlətə qarşı çevrilməyib və elə prezident də bunu sətiraltı çox gözəl çatdırır ki, Azərbaycanın Qərbi azərbaycanlılar problemini uğurla həyata keçirməsi heç bir dövlətin ərazi bütövlüyünə, suverenliyinə qarşı çevrilmiş ideya deyil. Bu, əksinə, bütün bölgədə və dünyada humanitar hüququn hər cür hüquqdan üstün olduğunun bir nümunəsidir. Həqiqətən, əgər deportasiya olunmuş, qovulmuş Qərbi azərbaycanlılar öz hüquqlarına ləyaqətli şəkildə qayıtmayacaqlarsa, bu bölgədə və dünyada humanitar hüququn aliliyindən söhbət gedə bilməz. Ona görə Prezidentin müraciəti, eyni zamanda, bu ideyanın həm məzmununu  dünyaya çatdırmaq baxımından əhəmiyyətlidir, həm də dünyanın mütərəqqi qüvvələrinin bu ideyanın icrasına yönəltmək baxımından olduqca təsirli və əhəmiyyətlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31