Vətəndaş cəmiyyəti institutları demokratik və hüquqi dövlət quruculuğunun çox vacib atributlarıdır

İstiqamət: Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu

"Vətəndaş cəmiyyəti institutları demokratik və hüquqi dövlət quruculuğunun çox vacib atributlarıdır. Çünki vətəndaş cəmiyyətinin özü təşkilatlanma institutu olmadan cəmiyyətin  ictimai, siyasi proseslərə daha aktiv iştirakına cəlb etmək çətin olar. Bu sırada cəmiyyətin, vətəndaşların özünütəşkil institutları olaraq siyasi partiyaların, müstəqil medianın, qeyri hökumət təşkilatlarının, ictimai birliklərin çox əvəzsiz rolu var və ölkəmiz müstəqillik əldə olunandan sonrakı dövrdə bu institutların gücündən lazımı səviyyədə istifadə etmək üçün həm qanunvericilik müstəvisində, həm də praktik siyasətdə addımlar atılır". Siyasi ekspert Aydın Quliyev deyir ki, artıq vətəndaş cəmiyyətini təşkil edən bu institutların hər biri ilə bağlı ayrıca qanunlar var. Hər biri qanunla tənzimlənir. İstər qeyri-hökumət təşkilatları, istər siyasi partiyalar, istər ictimai birliklər, istərsə də media orqanlarının vətəndaş cəmiyyətinin özünütəşkil üsulları olmaq nöqteyi -nəzərindən fəaliyyətinin tənzimlənməsi üçün ayrıca qanunlar mövcuddur:" Vətəndaş cəmiyyəti institutlarının, xüsusilə də qeyri hökumət təşkilatlarının həm qanunvericilik müstəvisində təkmilləşdirici addımlar atması, həm də hüquqi, demokratik dövlət quruculuğu prosesində praktik olaraq iştirakı çox vacib fəaliyyət istiqamətləridir. Ölkənin qanunvericilik aktlarında və Konstitusiyada təsbit olunmuş qanunvericilik təşəbbüsü səlahiyyətləri eyni vaxtda vətəndaş cəmiyyəti institutlarına da aiddir. Onların hər biri hüquqi və demokratik cəmiyyət, dövlət quruculuğunun müxtəlif aspektləri ilə bağlı qanunvericilik təşəbbüsləri ilə çıxış edə, parlament qarşısında məsələ qaldıra, Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər ki, bu da son nəticədə qanunvericilik təşəbbüsünün daha çoxşaxəli bir proses olmağını təmin etməklə bərabər daha böyük nəticələrə yetişməni mümkün edir. Bu nəticələr isə daha təkmil qanunların meydana çıxması formasında özünü göstərir. Digər tərəfdən qeyri- hökumət təşkilatları, eləcə də digər vətəndaş cəmiyyəti institutları hüquqi və demokratik dövlət quruculuğu prosesini  praktik olaraq aparan tərəflərdən biridir. Onlar öz fəaliyyətlərində həm ictimai nəzarət funksiyasını yerinə yetirirlər, həm cəmiyyətin nəzər- diqqətini müəyyən proseslərə və təzahürlərə yönəltməklə dövlət tərəfindən cəmiyyətin idarə olunmasını daha da təkmilləşdirirlər. Eyni zamanda müəyyən ictimai problemlərin həlli üçün ictimaiyyətin gücünün səfərbər olunmasında öz rollarını təklif edirlər.
Praktikada çox görmüşük ki, siyasi partiyalar, ictimai qurumlar, qeyri- hökumət təşkilatları və digərləri cəmiyyəti narahat edən hansısa problemin ictimailəşdirilməsində ilkin təşəbbüskar rol oynayırlar. Eyni zamanda müəyyən problemlərin həlli üçün hətta ilkin addımlar da atırlar. Məsəl üçün, Azərbaycanda artıq yaşıl hərəkat demək olar ki, ictimai institutlar tərəfindən ən fəal şəkildə aparılan bir prosesə çevrilib. Bu prosesə təşəbbüskarlıq qaydasında bəzən siyasi partiyalar da, jurnalistlər də qoşulur. Amma bunun ən aktiv, aparıcı qüvvələrindən biri müəyyən ictimai birliklər və qeyri -hökumət təşkilatlarıdır. Məsələn, bu sırada Heydər Əliyev Fondunun, ondan sonra  aidiyyəti təşkilatların müəyyən yaşıllaşdırma, abadlaşdırma layihələrinin həyata keçirilməsi olduqca diqqətçəkicidir və bunlar ictimai təşəbbüs qaydasında ictimaiyyətin özünün gücü ilə həyata keçirilən layihələrdir. Hansı ki, bu proseslərdə ictimai iştirakçılığı daha da gücləndirməklə demokratik və fəal cəmiyyət quruculuğuna cəmiyyətin daha geniş şəkildə cəlb olunmasına şərait yaradır. 
Eyni zamanda, dövlətin, cəmiyyətimizin mənəvi, vətənpərvərlik tərbiyəsi sahəsində   əhəmiyyətli iş görən xeyli sayda qeyri-hökumət təşkilatları, ictimai təşkilatlar mövcuddur. Hansılar ki, bunlar həm tərbiyəvi çərçivədə müəyyən nümunələrin ictimaiyyətə təqdimatı ilə məşğul olurlar. Eyni zamanda, fəal vətəndaşların hazırlanma prosesinə də öz töhfələrini vermiş olurlar. Çünki hüquqi dövlət, eyni zamanda, fəal vətəndaşların yaşadığı cəmiyyət deməkdir. Əgər vətəndaşlar fəal deyillərsə, ictimai pozuntulara, qanunsuzluqlara, ən azı öz hüquqlarının müdafiəsinə fəal və yaradıcı şəkildə reaksiya verə bilmirlərsə, təbii, belə şəraitdə hüquqi dövlət quruculuğu prosesi çətinləşir. Bu prosesi təkcə dövlətə aid proses kimi təsəvvür etmək olmaz. Dövlət onsuz da bu istiqamətdə öz işini görür, müəyyən qanunları qəbul edir. Qəbul olunmuş qanunların icrasına cavabdeh dövlət orqanlarının sırası məlumdur və onların da fəaliyyəti vahid bir mərkəzdən idarə olunur. Amma cəmiyyətdəki bütün təzahürlərin və proseslərin səfərbər olunması müsbət təzahürlərin idarə olunaraq daha da önə çıxarılması, neqativ təzahürlərin isə qarşısının alınması, ictimai təşəbbüskarlıq olmadan mümkünsüzdür. Məsələn, cəmiyyət daha tez dəyərləndirə bilir ki, hansısa bir təzahür cəmiyyət üçün faydalı deyil və ya hansısa bir təzahür, cəmiyyətin gələcəyi üçün çox faydalıdır. Ancaq onun daha da inkişaf etməsi və möhkəmlənməsi üçün müəyyən kənar maneələrdən təmizlənməlidir. Məsələn, cəmiyyətimiz bu gün çox açıq şəkildə görür ki, toy ziyafətlərinin, yas mərasimlərinin hədsiz dəbdəbəli keçirilməsi bir  yandan cəmiyyətin ziyanınadır və insanların zövqünü korlayıb, digər tərəfdən isə aşırı israfçılığa yol açıb. Bunu ictimaiyyət və ictimai təşkilatlar daha öncə görürlər və dəfələrlə də biz ictimai təşkilatlar, ictimai institutlar tərəfindən bu məsələnin qaldırıldığının şahidi olmuşuq. Hansı ki, zaman-zaman bununla bağlı müəyyən qanunvericilik aktlarında bəzi düzəlişlər də edilib. Məhz ictimai institutların etirazlarının nəticəsidir ki, bu gün, məsələn, kütləvi toplantılar, yas mərasimləri, toy ziyafətləri ilə bağlı müəyyən qanunvericilik normaları var. O cümlədən səslərin tonunun idarə olunması, müəyyən ünsiyyətlərin normativləşdirilməsini qaydaya salan müəyyən qanunlar var ki, bunlar ictimai iştirakçılıq və ictimai təşəbbüslər səviyyəsində qəbul olunmuş qanunlardır, hansılar ki, insanların həm fəaliyyətini tənzimləyir, həm də neqativ təzahürlərin qarşısını alır. 
Bir sözlə, demokratik fəal vətəndaşların cəmiyyətinin və hüquqi dövlətin quruculuğunun mühüm atributlarından biri ictimai təşəbbüskarlıqdır, ictimai təşkilatlardır və vətəndaş cəmiyyəti institutlarıdır".

Röyalə Xəyal

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31