Azərbaycan Prezidentinin bu xoşməramlı çağırışı diqqətə alınmalıdır- ÖZƏL
5 Dekabr 2024 16:50 Siyasət"Prezident İlham Əliyevin "Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi" mövzusunda II beynəlxalq konfransın iştirakçılarına müraciətində ən diqqət çəkən məqam məsələyə insan haqları kontekstində yanaşılmasıdır. Burada həm tarixi faktlar sadalanır, növbəti dəfə diqqətə çatdırılır, həm də Ermənistana xoş məram nümayiş etdirilir və məsələnin məhz insan haqları kontekstində həllinə çağırış edilir".
Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Prezident xatırladır ki, Qərbi Azərbaycan icması Ermənistan hökuməti ilə bu yöndə təmaslara cəhd göstərib. Lakin təəssüflər olsun ki, Ermənistan hökuməti təmaslardan hələ də yayınır. Azərbaycan prezidenti xüsusi olaraq burada diqqəti ona çəkir ki, bizim məqsədimiz heç də gedib hər hansı bir yeri işğal etmək və s. deyil. Bizim məqsədimiz sadəcə olaraq Qərbi Azərbaycan kökənli insanların öz ata-baba yurdlarına ləyaqətli bir şəkildə dönüşünü təmin etməkdir. Göründüyü kimi, Prezident İlham Əliyev bir daha o mövqeyi açıq səslə bəyan edir ki, biz heç kimin torpağını işğal etmək fikrində deyilik. Bunu niyə ayrıca qeyd edirəm? Çünki Ermənistan təbliğatı, özəlliklə də Ermənistanın arxasındakı güclər, bir qayda olaraq Azərbaycanı Ermənistan torpaqlarını işğal etməyə hazırlaşmaqda günahlandırırlar. Biz də uzun illərdir izah etməyə çalışırıq ki, Azərbaycan Respublikasının bir dövlət olaraq Azərbaycan vətəndaşlarının da Ermənistan torpaqlarını işğal etmək kimi bir niyyəti yoxdur. Sadəcə olaraq, bu gün Ermənistan adlanan ərazi qədim Azərbaycan torpağıdır, tarixi Azərbaycan torpağıdır və oradan minlərlə deyil, yüz minlərlə deyil, milyonlarla soydaşımız didərgin salınıb və onların ləyaqətli bir şəkildə öz yurdlarına qayıtmaq haqqı, hüququ var. Yəni bu hüquq tanınmalıdır. Biz demirik ki, hüquq tanınan kimi durub o milyonlarla azərbaycanlı ora köçəcək. Ola bilər ki, kimsə köçməyəcək, kimsə köçmək istəyəcək. Kimsə sadəcə gedib orada əcdadının qəbrini ziyarət eləmək istəyəcək. Kimsə uşaqlığının xatirələrini təzələmək üçün doğulub, boya başa çatdığı kəndə gedəcək, şəhərə gedəcək, küçələri gəzəcək. Yəni burda pis nə var ki? Mən düşünürəm ki, Azərbaycan Prezidentinin bu xoşməramlı çağırışı diqqətə alınmalıdır. Eyni zamanda, tarixi faktların, özəlliklə də 1918-ci ildən başlayan, sonradan 1948-ci ildən başlayan, növbəti dəfə 1987-ci ildən başlayan köç dalğalarının dünyaya çatdırılması baxımından bu müraciət çox yerinə düşür. Yəni biz zaman-zaman bunları xatırlatmalıyıq, dilə gətirməliyik ki, dünya bilsin başımıza nələrin gətirildiyini. Durub-oturub bizim guya Qarabağdan erməniləri etnik təmizləməyə məruz qoyduğumuzu iddia edirlər, birtərəfli şəkildə bizi ittiham edirlər. Halbuki bizə edilənlərin yanında Qarabağdakı ermənilərə edilənlər heç nədir. Hələ nəzərə almaq lazımdır ki, biz heç kimi Qarabağdan qovmamışıq, onlar özləri könüllü şəkildə gediblər. Yəni bu başqa şeydir. Azərbaycanlıların döyülərək, öldürülərək, talan edilərək qovulması isə başqa şeydir. Ona görə də düşünürəm ki, cənab Prezidentin bu müraciəti kifayət qədər bizim üçün növbəti mərhələdə qida rolunu oynaya biləcək. Yəni dünyaya Azərbaycanın problemlərinin çatdırılması, özəlliklə də Qərbi Azərbaycan İcmasının problemlərinin çatdırılması baxımından bu çox yerinə düşür".