Gürcüstanın Avropa İttifaqına üzvlük yolu: Siyasi maneələr və geosiyasi perspektivlər – ÖZƏL

Gürcüstanın Avropa İttifaqına üzvlük mövzusu ölkə daxilində ciddi müzakirələrə səbəb olur. Hökumətin 2028-ci ilə qədər bu məqsədi təxirə salması  genişmiqyaslı etirazlara yol açmış, minlərlə insan küçələrə çıxaraq "Avropa yolu"nun satılmasını qınamışdır. Bu, Gürcüstanın geosiyasi vəziyyətinin mürəkkəbliyini və Avropaya  inteqrasiyasının qarşısında duran əngəlləri göstərir. Avropa İttifaqı ilə sərhəd məsələsi, iqtisadi gerilik və institusional zəifliklər, Gürcüstanın bu uzunmüddətli prosesə necə daxil olacağını şübhə altına alır. Əlavə olaraq, Avropa İttifaqı və Türkiyə ilə əlaqələr, Cənubi Qafqazın bu geosiyasi mühitdəki rolunu daha da çətinləşdirir.

Gürcüstanın Avropa İttifaqına üzvlük perspektivinin qarşısında duran coğrafi, iqtisadi və siyasi maneələr nəzərə alındıqda, ölkənin bu istiqamətdə real irəliləyiş əldə etməsi mümkün olacaqmı?

"Qərbin Gürcüstanı məhv etməsi kimi fikirləri qəbul etmirəm. Qərbin istəyi Rusiyanın nüfuzunu bölgədən çıxarmaq və bölgədəki respublikaları öz təsiri altına almaqdır. Burada Avropanın maraqları var. Nəinki Avropanın, hətta Amerikanın da maraqları var. Qafqazda, Orta Şərqdə və digər bölgələrdə bu maraqlar geniş şəkildə mövcuddur".

Bu fikirləri Olaylar.az-a açıqlamasında konfliktoloq Elman Vəliyev deyib:

"Qafqazda  Gürcüstan strateji mövqeyə malik bir bölgədir. Strateji mövqe deyəndə Gürcüstanın tranzit üçün əhəmiyyətli bir rol oynadığını nəzərdə tuturam. Bu bölgənin xalqı  Avropaya meyillidir. Onlar rahat həyat istəyirlər. Onlara Qərbin "dad"ını Saakaşvili yaşatdı və bu dad hələ də damaqlarındadır!

Avropanın bu gün Ukraynada, Gürcüstanda və bir çox başqa yerlərdə bu cür hərəkatları dəstəkləməsini müsbət hal kimi qiymətləndirirəm.

Sözsüz ki, bu güclər öz maraqları naminə hərəkət edir. Ancaq onların müsbət istiqamətlərinin nəticələri də var. Çünki demokratiya, hətta formal olsa belə, bir demokratiya anlayışını ortaya qoyur.

Lakin Rusiya bölgənin əlindən çıxmasını istəmir. Gürcüstanın Aİ yolu uzun görsənir. Hakimiyyət dəyişimi olmasa, Aİ yolu da yoxdur.  Ancaq Rusiyanın burada sağlam sütunları vardır. Əgər sona qədər əzmkarlıq nümayiş etdirilsə, xalq istədiyinə nail ola bilər".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31