Gürcüstan hadisələri Qərbi yol ayrıcında qoyub

Gürcüstanda hakimiyyət əleyhinə etiraz aksiyaları faktiki olaraq Gürcüstan ictimaiyyətini  iki yerə parçalayıb. Ölkə vətəndaşlarının bir qismi qərbyönümlü siyasəti dəstəkləyir, digər qismi isə Qərbdən asılı olmayan hakimiyyətin formalaşmasının tərəfdarıdır. Artıq hakimiyyət etiraz aksiyalarını nəzarətə götürmək üçün hərəkətə keçib. Gürcüstanın Daxili İşlər Nazirliyi mitinq iştirakçılarını qanunsuz hərəkətlərə son qoymağa və qanundan kənara çıxmamağa çağırıb. Buna baxmayaraq, etiraz aksiyaları təkcə paytaxt Tiflisdə deyil, Gürcüstanın Batumi, Kobuleti, Ozurqeti və digər şəhərlərində də keçirilib. Bu arada Gürcüstan prezidenti Salome Zurabişvili də etiraz aksiyalarına qoşuldu. Xanım prezident hətta məktəbləri də etirazlara qoşulmağa çağırdı. 
Gürcüstanın baş naziri İrakli Kobaxidze əvvəlcə davam edən etirazlar fonunda müxalifətlə danışıqların mümkünlüyünü istisna etsə də sonradan fikrindən daşınıb. Belə məlum olur ki, etiraz aksiyalarının dairəsi genişləndikcə "Gürcü Arzusu" hakimiyyəti qorumaq üçün hətta müxalifətlə danışıqları məqbul sayıb. Lakin, gözləndiyinin əksinə olaraq Gürcüstanın müxalifət liderləri Baş nazirlə teledebatdan yayınıblar. Konkret olaraq Gürcüstanın tanınmış müxalifət liderləri- keçmiş xarici işlər naziri Mixail Canalidze və keçmiş müdafiə naziri Tinatin Xidaşeli Baş nazir İrakli Kobaxidze ilə teledebatdan yayınıblar.
Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze hələ dekabrın 3-də bəyanatla çıxış edərək hakim komandanın noyabrın 28-də verdiyi açıqlamaya etiraz edən insanlarla ictimai müzakirələr keçirməyə hazır olduğunu bəyan etmiş  və müxalifət liderlərini ölkənin İctimai Televiziyasında teledebata çağırmışdı. Müxalifət nümayəndələri Mixail Canalidze və Tinatin Xidaşeli teledebatda iştirak edəcəklərini bildirmişdilər. Ancaq, hər iki müxalifət lideri debatdan imtina ediblər. Baş nazir İrakli Kobaxidze bununla əlaqədar keçirdiyi brifinqdə deyib ki, "radikal müxalifət" dəqiq bilir ki, onların deməyə sözü yoxdur:"Bu iki şəxs iki arifmetik orta "millətli"dir. Biz düşünürdük ki, onlarla müzakirə ictimaiyyətə həqiqəti müəyyən etməyə imkan verərdi. Onların ictimai müzakirədən imtina etməsi yalnız bir şey deməkdir - həqiqət bizim tərəfimizdədir və hər hansı ictimai müzakirədən məhz buna görə qorxurlar".
Bu arada Gürcüstanın Konstitusiya Məhkəməsi  oktyabrın 26-da keçirilən seçkilərin nəticələrinin ləğvi ilə bağlı ölkə prezidentinin və bəzi müxalifət partiyalarının iddia ərizəsini qəbul etməyib. Məhkəmə iddiaları əsassız adlandırıb. Xatırladaq ki, oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərində hakim "Gürcü Arzusu- Demokratik Gürcüstan" partiyası qalib gəlib. Prezident Salome Zurabişvili və müxalifət təmsilçiləri seçkinin nəticələrini tanımaqdan imtina etmiş, səsvermənin nəticələrinin ləğvi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etmişdi. 
Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələrini tanımayan Avropa dövlətlərinin arasında ölkədə baş verən hadisələrlə bağlı fikir ayrılığı yaranıb. NATO-nun baş katibi Mark Rutte Gürcüstanda gedən proseslərlə bağlı sualı cavablandırarkən deyib ki, zorakılıq xəbərləri onu çox narahat edir: "Mən bunu birmənalı şəkildə pisləyirəm. Mən Gürcüstan hökumətini sülh və sabitliyin təşviqi üçün hər şeyi etməyə çağırıram və hesab edirəm ki, bu, bütün gürcülərin marağındadır. Mən qəti şəkildə inanıram ki, bu dəyərlər bizim kollektiv sülh və rifahımızın əsasıdır. Bütün müttəfiqlər Gürcüstanda demokratiyaya xələl gətirən, demokratiyanın inkişafına, ölkənin NATO və Avropa İttifaqına inteqrasiyasına xələl gətirən istənilən hərəkətdən çəkinilməli olduğunu açıq şəkildə bəyan ediblər". Bunun əksinə olaraq Almaniya siyasi səbəblərə görə Gürcüstana dövlət səviyyəsində kredit dəstəyi verməkdən imtina edib. Almaniyanın iqtisadi əməkdaşlıq naziri Svenya Şults bildirib ki, Gürcüstandakı mövcud vəziyyət əlaqələri inkişaf etdirmək məntiqinə uyğun gəlmir: "Artıq Gürcüstanla əməkdaşlıq məntiqli şəkildə həyata keçirilə bilməz. Bütün layihələr yenidən nəzərdən keçirilir. Yeni layihələr həyata keçirilməyəcək və kredit razılaşmaları imzalanmayacaq". Göründüyü kimi Gürcüstanda etiraz aksiyalarının müəllifi olan Qərb dövlətləri özləri yol ayrıcında qalıblar. Hadisələrə fərqli münasibət sərgiləyən Qərb dövlətləri nəyin bahasına olursa olsun Cənubi Qafqazda nüfuz sahibi olmağa çalışırlar. Lakin Qərbin bütün cəhdlərinə baxmayaraq gürcü xalqının müdrik qərar qəbul edərək ölkənin konstitusion quruluşunun dəyişdirilməsi cəhdinin qarşısını alacağı real görünür. Bu, həm də  Gürcüstan dövlətinin, gürcü xalqının və region dövlətlərin xeyrinə olacaq. 

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31