OCCRP məhz Amerika dövlətinin maraqlarına xidmət göstərir- ÖZƏL
5 Dekabr 2024 13:19 Siyasət"OCCRP 2006-cı ildə yaranıb və qurumun məqsədi guya dünyada korrupsiya ilə mübarizənin təmin olunmasına, bununla bağlı araşdırmalar aparmaq və cəmiyyət daxilində məlumatlılığın artmasına vəsilə olmaqdır. Son zamanlar, xüsusən də ifşa olunan sənədlər və araşdırmalar onu göstərir ki, bu təşkilat uzun illər ərzində Qərb dairələrinin, ələlxüsus ABŞ dövlətinin müxtəlif regionlarda öz maraqlarını təmin etmək üçün istifadə etdikləri bir vasitə rolunda çıxış etmişdir".

Bu fikirləri siyasi şərhçi Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib:
"Fransanın "Mediapart" onlayn nəşri, Almaniyanın MDR ictimai teleradio şirkəti araşdırma həyata keçirdi. Bu araşdırma nəticəsində məlum oldu ki, OCCRP əldə etdiyi maliyyənin böyük bir hissəsini ABŞ-dən alırmış. Daha dəqiq desək, 2014-2023-cü illər arasında ABŞ hökuməti OCCRP-nin xərclədiyi vəsaitin 52 faizini təmin edibmiş. Bu kifayət qədər böyük rəqəmdir. Yarandığı gündən ABŞ höküməti bu təşkilata təxminən 47 milyondan çox vəsait ayırmışdır. Aydın məsələdir ki, əgər bir araşdırma təşkilatı bəlli bir dövlət tərəfindən dəstəklənirsə, həmin dövlətin maraqlarını yerinə yetirəcək. Bu zaman təşkilatın müstəqil fəaliyyətindən, araşdırmalarından danışa bilmərik. Təşkilatın Cənubi Qafqazdakı fəaliyyəti Qərbin, ələlxüsus ABŞ-nin regiondakı maraqlarını təmin etməkdən ibarətdir. Bu təşkilat uzun illərdir ki, Azərbaycana qarşı qərəzli mövqe sərgiləmiş, əsassız ittihamlar irəli sürmüş və Azərbaycanla bağlı fikirlərində ikili standartlar, riyakarlıq və əsassızlıq əks olunmuşdur. Ona görə ki, Azərbaycan Qərbin, ələlxüsus ABŞ-nin maraq dairəsində olan dövlətlərdəndir. Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra Qafqaz Qərb üçün Rusiyaya qarşı cəbhəni genişləndirmək baxımından bir imkan kimi dəyərləndirilir. Ermənistanın hazırdakı siyasəti, Gürcüstanda baş verənlər bunun bariz dəlilidir. Qərb eyni zamanda, Azərbaycanı da öz tərəfinə çəkmək istəyir. Bunun üçün istənilən yollara əl atır. Bu yollardan biri də OCCRP kimi təşkilatlardan istifadə olunmasıdır. OCCRP Amerikanın digər dövlətlərə qarşı istifadə etdiyi bir təzyiq vasitəsidir. Bu təşkilat birmənalı şəkildə müstəqil şəxslərin deyil, məhz elə Amerika dövlətinin maraqlarına xidmət göstərir".
Zeynəb Rzayeva