Qərb Gürcüstan üzərindən Rusiyaya qarşı yeni cəbhə açmaq istəyir- ÖZƏL
3 Dekabr 12:38 Siyasət"Ermənistanın Rusiyaya ehtiyacı olduğu kimi Rusiyanın da Ermənistana ehtiyacı var. Bu tamamilə regional və geosiyasi proseslərlə bağlıdır". Olaylar xəbər verir ki, bunu siyasi şərhçi, AVP funksioneri Pərviz Mirizadə deyib:
"Nikol Paşinyanın hakimiyyəti dövründə rəsmi İrəvan Kremlə qarşı üzdə soyuq ritorika sərgiləsə də, yenə də Rusiya faktoru Ermənistan iqtisadiyyatının təməl sütununu təşkil edir. Bunula yanaşı haylar yaxşı bilir ki, Qərb Moskvanın onlara verdiyi təhlükəsizlik zəmanətini qarşılaya bilməz. Bu praktik və coğrafi olaraq mümkün deyil. Lakin silahlandırılma fonunda İrəvan hakimiyyəti fərqli görnüş formalaşdırmağa çalışır
Məsələnin Rusiya seqmentindən danışarsaq Ermənistan Cənubi Qafqazda hələ də Rusiyanın əsas dayaq nöqtəsidir. Bu ölkədə Kremlin hərbi bazası və ciddi sayda hərbi kontingenti mövcuddur. Bununla yanaşı KTMT faktoru da var ki, Cənubi Qafqazda təşkilata yeganə üzv dövlət məhz Ermənistandır. Baxmayaraq ki, Nikol Paşinyan təşkilatla bağlı ölkəsinin mövqeyini bir neçə dəfə qeyd edib. Lakin baş nazir onu da yaxşı bilir ki, KTMT və Moskva olmasa Ermənistanın təhlükəsizlik arxitekturasında ciddi boşluqlar olacaq. Bunu Rusiya tərəfi də çox yaxşı başa düşür və proseslərə soyuqqanlı şəkildə yanaşır.
Rusiya Ermənistanda olan varlığı sayəsində Cənubi Qafqazda illərlə Türkiyə və İran qarşısında regional müstəvidə balans yaratmağı bacarıb. Bununla bərabər Kreml rəhbərliyi hələ də elə fikirləşir ki, Ermənistan onların NATO qarşısında cənub sərhədlərinin mühafizəsinin vacib komponentidir. Lakin, regional proseslərə nəzər salsaq hal hazırda Qərb məhz Gürcüstan üzərindən Rusiyaya qarşı yeni cəbhə açmaq üçün çalışır. Belə olduğu təqdirdə Rusiyanın Ermənistan üzərində cənub sərhədlərini müdafiə etmək anlayışı öz təsirliyini itirir.
Ancaq bütün hallarda hər iki tərəf fərqli yanaşmalar fonunda bir- birindən aslıdır".