Gürcüstan xalqı onsuz da öz səsini verib- ÖZƏL
29 Noyabr 22:40 Siyasət"Gürcüstan hakimiyyəti Qərbin müxtəlif institutlarının Gürcüstanı manipulyasiya etdiyini yaxşı bilir. Ukrayna timsalından da bəllidir ki, heç kim Gürcüstanı Aİ-yə üzv edəcək deyildi. Gürcüstan siyasi rəhbərliyində təmsil olunan adamlar da kifayət qədər ağıllı və rasional olduqlarına görə yaxşı başa düşürlər ki, bu gün Aİ-yə üzvlüklə bağlı danışıqlar sadəcə Gürcüstana təzyiq və təsir göstərmək üçün manipulyasiya mövzusundan başqa bir şey deyil".
Bu fikirləri siyasi şərhçi Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:
"İnsanların seçki hüququndan danışan Qərb institutları Gürcüstan xalqının seçiminə hörmət etməməyə, çoxluğun qərarlarını mübahisələndirməyə çalışır ki, bu da qəbul edilən meyarlar deyil. Avropa Parlamenti kimi siyasi dələduzluğun və riyakarlığın məkanına çevrilmiş bir qurumun Gürcüstanla təzyiq, təhdid, şantaj dilində danışması, müxtəlif Qərb institutlarının Gürcüstan siyasi rəhbərliyinə böhtanlar ataraq onu manipulyasiya etmək üçün əllərindən gələn bütün vasitələrdən istifadə gözlə görünən və açıq qıcığa səbəb olan məqamdır. Xalq üçün inteqrasiyanın nə qədər vacib olması məsələsi o qədər də mübahisə mövzusu ola bilməz. Çünki Gürcüstan xalqı "xarici agentlər" haqqında qanun layihəsini dəstəkləmək və yaxud "Gürcü Arzusu" hakimiyyətinə səs verməklə Avropa inteqrasiya kursundan imtina etmir. Bütövlükdə Avropa inteqrasiya anlayışı Qərbin neoimperialist dairələrinin siyasi manipulyasiya cəhdlərindən başqa bir şey deyil. Digər tərəfdən də xalq onsuz da öz səsini verib və çoxluq "Gürcü Arzusu"nu seçib. Belə olan təqdirdə hansı xalqın səsindən danışa bilərdik? Digər tərəfdən isə Qərbin təhlükəli institutlarının Gürcüstan ərazisini maliyyə tranşlarının yuvasına çevirmək cəhdlərinin qarşısı alınır. Bu da bütün milli, dövlətçi ölkələrin atmalı olduğu addımlardır".
Zeynəb Rzayeva