Polşa prezidentinin qərəzli yanaşması: Regionda sülhə təhdid? – ÖZƏL

"Avropa İttifaqının müşahidə missiyası adı altında fəaliyyət göstərən həmin qrupun fəaliyyətinə Azərbaycan Praqa görüşündə icazə vermişdi. Ancaq bu qrupun fəaliyyəti ilə bağlı konkret zaman müəyyən edilmişdi və bu zaman çərçivəsində müşahidə missiyası adlandırılan qrup öz fəaliyyətini yekunlaşdırmalı idi. Ermənistan Azərbaycan qarşısında bu cür öhdəlik götürmüşdü".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib:

"Buna baxmayaraq, rəsmi İrəvan davamlı şəkildə həmin qrupun fəaliyyət müddətinin uzadılması ilə bağlı qərarlar çıxarır və həmin müşahidə missiyası adı altında fəaliyyət göstərən qrupda "binokl diplomatiyası" həyata keçirərək kəşfiyyat məlumatları toplamaqla məşğuldur. Üzərində Fransa bayrağı olan avtomobillər yerləşdirilib və Fransa kəşfiyyatçıları onlara qoşularaq faktiki şəkildə Azərbaycanla sərhəddə kəşfiyyat məlumatları toplayırlar. Bu, Azərbaycana qarşı qərəzli mövqe, xoş olmayan niyyətdir. Azərbaycanla münasibətləri normal səviyyədə olan Polşa prezidenti Andjey Dudanın həmin müşahidə missiyasını ziyarət etməsi, onların fəaliyyəti ilə bağlı sözlər söyləməsi kifayət qədər qərəzli yanaşmadır. Görünür ki, Polşa prezidenti hakimiyyətdən getməsinə az qalmış regionda gərginliyin artmasında maraqlıdır və özünü Fransa prezidenti Emmanuel Makronun yanında görür. Dudanın Makronvari  davranışları ölkəsinin Cənubi Qafqazdakı siyasətinə, təsir gücünə ciddi şəkildə təsir göstərə bilər. Ən əsası isə Bakı və Varşava arasındakı münasibətlərə ciddi şəkildə xələl gətirə bilər. Polşa regionda sülh və təhlükəsizliyə təhdid yaradacaq bu kimi məqamlardan qaçmalıdır. Bu, ən çox özünün ziyanınadır. Andjey Duda Bakıda keçirilən COP29 tədbirində də iştirak edib və Azərbaycanı kifayət qədər yaxşı tanıyan şəxsdir. Polşada da Azərbaycanı kifayət qədər yaxşı tanıyırlar. Dudanın özü də yaxşı bilir ki, regionun açar dövləti Azərbaycandır və Azərbaycanla münasibətləri gərginləşdirmək Polşa üçün yaxşı heç nə vəd etmir. Yaxşı olar ki, Polşa prezidenti hakimiyyətdən getməsinə az qalmış ölkəsini çətinə salacaq bu kimi məsələlərdən qaçsın".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31