Bu qədər silah almasına baxmayaraq, Ermənistanın hərbi kadr çatışmazlığı var - ÖZƏL

"Ermənistanın son dönəmlərdə xarici ölkələrdən silah alışını artırması, şübhəsiz, onun müharibəyə hazırlaşması versiyalarını da gündəmə gətirir". 

Bunu Olaylar.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.

"Xüsusilə Fransa, Hindistan, İran, Rusiya kimi ölkələrdən aktiv şəkildə Ermənistana silah yardımı edilir. Son dəfə Yunanıstandan S-300 sistemləri Ermənistana gətirildi və bu, əslində bir daha göstərir ki, Ermənistan tərəfi sülh prosesinə baxmayaraq, bu qədər uğurlu nəticələrin əldə edilməsinə baxmayaraq, regionda gərginliyi artırmaqda maraqlıdır. Düzdür, Ermənistanın  Azərbaycanla müharibədə qələbə qazanacağına  ehtimal vermirəm. Çünki hər şeydən öncə bu qədər silah almasına baxmayaraq, Ermənistanın hərbi baxımdan kadr çatışmazlığı var. Bu da azmış kimi səfərbərliyə cəlbedici qüvvəsi də azdır. Amma  bu tip müharibələrə adətən revanşist müharibələr və yaxud  diplomatik siyasi müharibələr deyirlər. Yəni məğlub tərəf özünü qalib göstərmək və daxili auditoriyada nüfuzu artırmaq üçün bu tipli müharibə variantlarına və gərginliklərə əl ata bilirlər.
Ermənistanı  indiki məqamda müharibəyə sövq edən başlıca faktorlar Fransa kimi ölkələrdir. Aydın məsələdir ki,  Ukrayna müharibəsində Qərb istədiyini əldə edə bilmir və ona görə də indiki məqamda Ermənistanı müharibəyə sövq etməyə çalışırlar. Təbii ki, burada bütövlükdə Qərbin özünü deyə bilmərik, Fransa və onun yanında olan Qərb ölkələrini demək lazımdır. Qərb ölkələri arasında Avropa İttifaqı daxilində də fikir ayrılıqları var. Fransanın başçılıq etdiyi blok daha çox bu tipli müharibələrdə maraqlıdır və Ermənistanla bir növ müharibəyə sövq edərək Cənubi Qafqazda   regionu   yenidən qan gölünə çevirməyə çalışırlar. 
Təbii ki, belə müharibə Ermənistana heç bir müsbət divident verə bilməz. Əksinə, bu, Ermənistan üçün fəlakətlə nəticələnə bilər. Onsuz da son müharibələrdən və anti-terror tədbirlərindən sonra Ermənistandakı iqtisadi-sosial  və demokratik vəziyyət olduqca pis idi. Yeni bir müharibəyə başlamaq istəsələr, bu, onlar üçün daha da böyük bir problemə gətirib çıxara  və ən önəmlisi bu, sülh prosesini gerilədə bilər. Ermənistan bu tipli məsələlərdən  çəkinməli, sülh prosesinin gündəliyinə sadiq qalmalı, silahlanmanı dayandırmalıdır.   Bizim müharibə etmək niyyətimiz yoxdur. Amma Ermənistanın belə bir fəaliyyətini  müşahidə edərsək və yaxud  cəhdlər varsa, ən sərt şəkildə cavab verilə bilər. 
Faktiki olaraq COP29-a Ermənistan tərəfi dəvət edildi. Əgər gəlsəydilər, sülh üçün tarixi bir fürsət əldə etmiş olardılar. Amma gəlmədilər, əməlləri bir tərəfə qalsın, mənfi və müsbət bir şey demədilər. Bu, istər-istəməz hörmətsizlikdir və sülh üçün böyük bir fürsətin əldən verilməsi deməkdir. Azərbaycan yenə sülhdə maraqlı olduğunu deyir, amma Ermənistan tərəfi silahlanacaq və gərginliyi  artıracaqsa, o zaman artıq bu məsuliyyəti də rəsmi İrəvan və onun havadarları daşıyır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31