Üçüncü tərəflər geri durmalıdır ki, iki dövlət bir-biri ilə anlaşa bilsin - ÖZƏL
28 Noyabr 2024 17:17 Siyasət"Təəssüflər olsun ki, bəzi Qərb dövlətlərinin Ermənistana basqıları bunu mümkünsüz etməyi başlayıb".
Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Həmişə demişik ki, Ermənistanla Azərbaycan ikilikdə çox şeyi həll edə bilər. Çox məsələdə razılığa gəlib nəticə əldə edə bilər. Amma üçüncü tərəflər qarışanda bu məsələ dalana dirənir. Elə Polşa prezidentinin, yəni Avropa Birliyinin böyük dövlətlərindən biri olan Polşa prezidentinin dünən Ermənistana səfər etməsi, Ermənistana səfəri çərçivəsində Azərbaycan sərhədinə gəlməsi görürsünüzmü nə qədər gərəksiz gərginliyə səbəb olub? Yəni Azərbaycan hazırda Ermənistanla birlikdə sülh sazişi üzərində işləməliykən hər iki tərəfdə Polşa prezidentinin bu hərəkəti ilə bağlı bir təbliğat dalğası başlayıb. Ermənistan bundan özünün qara təbliğatı üçün istifadə edir. Yəni Polşa prezidentindən sui-istifadə edirlər, Azərbaycan tərəfi isə əlbəttə ki, özünün dövlət maraqlarını qorumaq məcburiyyəti qarşısında qalıb Polşa prezidentinin bu əməlinə cavab verməli olur. Bərabərində Ermənistanla bağlı məsələlərə diqqət ayrılır. Görürsünüz, gərəksiz yerə müzakirələr başlayıb. Ona görə də Qərb dövlətləri, üçüncü tərəflər bizim bölgəmizə burnunu soxmaqdan çəkinməlidir. Nəhayət ki, üçüncü tərəflər geri durmalıdır ki, biz iki xalq və iki dövlət olaraq bir-birimizlə anlaşa bilək. O baxımdan mən hələ ki, sülh sazişinin il sonuna kimi imzalanacağı ilə bağlı optimist deyiləm".