Bu ilin sonuna qədər sülh sazişi gözləməyə dəyməz - ÖZƏL
28 Noyabr 2024 16:31 Siyasət"Azərbaycanla sülh sazişinin bu ilin sonuna qədər imzalanması praktik şəkildə mümkünsüzdür".
Bunu Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
"Ona görə ki, mübadilə edilmiş 10-cu sülh təklifinin mətni hələ Ermənistandadır və Ermənistan həmin o sülh sazişi layihəsinə belə tezliklə cavab vermək iqtidarında deyil. Ona görə ki, Azərbaycanın indiki şəraitdə ondan gözlədiyi bir neçə prinsipial məsələ ilə bağlı konkret layihədə mövqe ortaya qoymasıdır. Bu, əsasən Konstitusiyanın dəyişdirilməsindən ibarətdir , amma Ermənistan da ona getməyə hazırlaşmır. Belə şəraitdə Ermənistanın 10-cu sülh təklifi layihəsinə nə cavab verəcəyi bəllidir. O cavabın bu il verilməsi mümkündür. Amma Ermənistan yeni sülh sazişi təklifinə elə bir formada cavab verəcək ki, hələ ondan sonra da onun üzərində uzun müddət iş gedəcək. Hətta mən 2025-ci ildə də sülh sazişinin imzalanacağını gözləmirəm. Çünki Ermənistan hələlik öz daxili siyasətinin əsas mövzusu olaraq konstitusiya dəyişikliyini görmür. Konstitusiyanı 2027-ci ildə dəyişmək fikrindədir. Belə şəraitdə sülh sazişinin imzalanması 2025-ci ildə də mümkünsüz görsənir. 2026-cı ildə bəlkə də müəyyən addımlar atmaq mümkün olar. O da dünyadakı vəziyyətdən və bizim regiondakı vəziyyətdən asılı olacaq. Ona görə də yekun olaraq bu ilin sonuna qədər sülh sazişi gözləməyə dəyməz. Ermənistanın təqsiri ucbatından, onun İrandan, İrandakı sammitdən imtinası isə hazırkı şəraitdə münasibətlərinin Rusiya ilə durğun, Qərblə isə ehtiyatlı davranış vəziyyətində olmağı ilə izah olunur".