Reytinqi düşən Paşinyanla maraqları üst-üstə düşən yırtıcı Qərb- ÖZƏL

"Bu gün beynəlxalq münasibətlər sistemi özünün ən sistemsiz və əcaib dövrünü yaşayır, desək, nəinki yanılmarıq, zənnimcə, ən düzgün formada ifadə edərik. Məsələ ondan ibarətdir ki, buna qədər formalaşan sistemlərin hər birində dominant, supergüclərin yanında və qarşısında olan da, balanslı siyasətə üstünlük verən aktorlar da az-çox bəlli olub. Daha mühüm məsələ odur ki, bu siyasi variantlardan hansısa birini bir pillə olsa belə yuxarı tutan aktorlar indiki qədər "ya yanımdasan, deyilsənsə qarşımdasan" sərt seçimi ilə üzə-üzə qoyulmayıblar, məcburi seçimlə üzləşməyiblər". 

Bu fikirləri siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:

"Bunu ən hörmətli formada bizim təbirimizcə "zorla özünə Quran oxutdurmaq" kimi ifadə edək ki, bəzi Qərb dövlət və təsisatlarının da, onlar üçün "piyada" rolunda çıxış edənlərin də hörmətsiz simaları daha da aralanmasın. Söhbət indi də Polşadan, onun "binokl diplomatiyası" fonunda Prezidentinin Qərb aludəçiliyindən gedir. "Gözüçıxan qardaş göz önündədir" məsəli axı nə 2022-də, nə də 2014-də özünü göstərmədi. Bir də ki, nə məcburdur sən illah da tərəfini, pis niyyətini ən sərt formada bəlli edəsən, etmək istəməyəni belə buna sövq və hələ üstəlik məcbur edəsən? Hələ bağışlamasınlar nə bizi, nə biz onları ki, bir faktı kənara qoya bilmirik. O da Qərb illər ərzində həqiqətlərimizi görməzdən gəldi, dəyərlərimizi məhv etməyə çalışır.  "Altda qalanın canı çıxsın" deyərək dövlətləri, xalqları və millətləri qarşı-qarşıya qoyur, ayaqlar altında palaz edir. 
Bu gün dünyanın əziyyət çəkdiyi resurs nə yeraltı və yerüstü sərvətlər, nə də bərpa olunan və olunmayan mənbələr deyil. Qıtlıq hər sferada özünü insan kapitalında, ən faciəvi formada isə lider, şəxsiyyət amilində büruzə verir. Hələ digər liderlərin yumşaq formada "şəxsiyyətsizliyi" fonunda bu amilə kritik ehtiyac yaranır. Cənab Prezident İlham Əliyev,  Donald Tramp, Rəcəb Tayyib Ərdoğan, Viktor Orban, Aleksandr Vuçiç kimi liderlərin sayəsində milli dəyərlərin aliliyi təmin olunur. Cəmiyyətlərin deqradasiya olunmadan ənənəvi dəyərləri qoruyub saxlayan kəslərə kritik ehtiyac yaranır. Qərb isə hərtərəfli qaydada Cənubi Qafqaza müharibə, neqativ meyillər yaymaqda davam edir, bu istiqamətdə Ermənistandan istifadə edir. Rusiyaya qarşı cızılan plan baş tutmadı, Ukraynanı qabağa yem kimi ataraq Rusiyanı məhv etmək xəyalları hardadır? Buna nail ola bilmədiklərindən ikinci cəbhə açmaq üçün Cənubi Qafqaz seçilir. Getdikcə reytinqi yerlə bir olan Nikol Paşinyana da Azərbaycan üzərində kiçik olsa belə qələbə lazım olduğundan Qərblə maraqlar üst-üstə düşür. Qərbin kürsüyə otuzdurduğu bundan artıq olmazdı. Yırtıcı Qərb yenə öz işindədir. Fransa, Hindistan Ermənistanı silahlandırır, Yunanıstan S300 raket komplekslərini Ermənistana vermək niyyətindədir. Qərbin bu təkidi və təhriki Cənubi Qafqazı yeni müharibəyə doğru aparır".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31