Yunanıstanın əsas məqsədi Ermənistanı gücləndirməkdir- ÖZƏL

"Ermənistanı 2022-ci ildən sonra silahlandıran ölkələrin sırasında Hindistan, Fransa, İrandan sonra Yunanıstan, o cümlədən Cənubi Kipri də qeyd edə bilərik. Bu yeni bir məsələ deyil. Yunanıstan müdafiə nazirinin Ermənistana səfəri və tərəflər arasında imzalanmış anlaşma onu deməyə əsas verirdi ki, Yunanıstan Ermənistanı silahlandırmağa başlayacaq ki, bu proses artıq başlanıb. Nəzərə alaq ki, Yunanıstanın Ermənistanla münasibəti əsas olaraq iki məsələ üzərinə fokslanıb. Birincisi, hər iki ölkənin Türkiyə ilə problemləri, ərazi iddiaları var və münasibətləri  zaman-zaman gərginləşir". 

Bu fikirləri siyasi şərhçi Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:

"Məhz Yunanıstan  Aralıq və Ege dənizlərində özünün əsas rəqibi saydığı Türkiyəni zəiflətmək üçün Ermənistanı gücləndirməyə çalışır. Dolayı yolla Türkiyənin yaxın müttəfiqi olan Azərbaycanı da məhz Ermənistanın vasitəsilə zəiflətmək və  təzyiq altında saxlamaq istəyir. Çünki Yunanıstan da Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi və ərazi bütövlüyünü, suverenliyini bərpa etməsini çox da məmnunluqla qarşılamayan ölkələr sırasındadır. O ki qaldı adları qeyd olunan silah növlərinə, bunlar təbii ki, Rusiya istehsalı olan silah və hərbi avadanlıqlardır. Çünki onlardan Ermənistan ordusunun arsenalında olub və 44 günlük savaş zamanı  Azərbaycan ordusu tərəfindən Ermənistanın arsenalında olan bu tipli hərbi texnikalar sıradan çıxarılıb və məhv edilib. Yunanıstanın bunda əsas məqsədi Ermənistanı gücləndirmək və Aİ-nin üzvü olaraq Qərbin Ermənistanda təsir imkanlarının artırılmasına yönəlmiş bir addım kimi bu məsələni qiymətləndirmək lazımdır. Eyni zamanda bu silah-sursatların Ermənistana verilməsinin digər səbəbi məhz Rusiya istehsalı olmasıdır və Yunanıstan da NATO ölkəsi olaraq bu silah və hərbi avadanlıqların əvəzində Qərbin havan hücumundan müdafiə  sistemlərini almağı planlaşdırır. Bu da Yunanıstan ordusunun arsenalının yenilənməsi demək olacaq. Təbii ki, hava hücumundan  müdafiə sistemlərinin verilməsi həm də Ermənistanın hava hücumundan müdafiə qüdrətinin artırılması üçün nəzərdə tutulub. Bu, Yunanıstandan gözlənilirdi. Bu cür addımlar Güney Qafqazda sülh və sabitliyə töhfə vermir, əksinə, gərginliyi artırmaqla problemlər yaradır və Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə əngəl törədən amillərdən sayılır".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31