Ermənilər işğal dövründə bütün tarixi izlərimizi silməyə çalışırdılar- ÖZƏL
14:36 Siyasət"Otuz il ərzində Ermənistan münaqişənin həllinə dair aparılan danışıqlarda Kəlbəcəri Azərbaycana verməyəcəyini bəyan edirdi. Qarabağın dağlıq hissəsi, o cümlədən Laçın, Kəlbəcərə sahib çıxmaq istəyən ermənilərə ordumuz 44 günlük Vətən müharibəsində sarsılmaz zərbə vurdu. Ermənilər çıxarkən evlərə od vurmaqla, meşələrdəki qiymətli ağacları məhv etməklə öz barbar simalarını bir daha nümayiş etdirdilər". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib: "Təkcə Kəlbəcərin işğalı zamanı 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb. Kəlbəcərin əhalisi respublikanın 56 rayonunda müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal dövründə rayon tamamilə talan edildi, milyardlarla manatlıq sərvət Ermənistana daşındı. Bu azmış kimi 1999-cu ildən başlayaraq, BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq Ermənistan dövləti Kəlbəcərdə erməniləri məskunlaşdırmağa başladı. Qədim türk dilində "çay üstündə qala" anlamını verən Kəlbəcərdə 30 min ildən çox tarixi olan yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı zaman yaradılıb. Amma ermənilər işğal dövründə bütün tarixi, mədəni izlərimizi buradan silməyə çalışdılar".