Azərbaycan iqlim diplomatiyasını ən üst səviyyəyə qaldırdı- ÖZƏL
26 Noyabr 2024 11:18 Siyasət"COP29 Azərbaycan dövlətinin və xalqının növbəti möhtəşəm uğuru oldu". "Olaylar" xəbər verir ki, bunu YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib: "Çünki COP29 rahat və hər kəsin həmrəy olduğu ümumi məsələlərin müzakirə edildiyi platforma deyildi. COP29 inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə yüz milyardlarla dollar kimi böyük məbləğlərdə yardım etməsi ilə bağlı fövqəladə maliyyə məqsədli konfrans idi. Burada qeyd olunan məqsədə nail olmaq isə dünyanın inkişaf etmiş ölkələrindən, xüsusilə də ABŞ, Avropa İttifaqı dövlətləri və Çin kimi qlobal aktorların qərarlarından asılı idi. Əlbəttə ki, Azərbaycanın üzərinə düşən missiya bu cür kəskin qlobal qütbləşməyə baxmayaraq, müzakirələrin axarını ortaq mövqeyə doğru yönləndirə bilmək və məntiqi sonluğa gətirib çatdırmaq idi. Bu mənada, Azərbaycan COP29-a sədrlik edən ölkə kimi yüksək peşəkarlıq və fədakarlıq göstərdi. Beləliklə də, Azərbaycanın COP29 sədrliyi olaraq apardığı intensiv çoxtərəfli diplomatiya nəticəsində Bakı Maliyyə Məqsədi və BMT karbon bazarları üzrə əldə edilmiş irəliləyişlər gözləntiləri üstələdi. COP29-da müzakirələrin ilkin olaraq 200 milyard dollar rəqəmi ətrafında getməsinə baxmayaraq, Azərbaycanın uğurlu moderatorluğu ilə 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə hər il 300 milyard ABŞ dolları məbləğində yardım göstərilməsi haqda yekun qərar qəbul olundu. Məhz belə bir mürəkkəb maraqlar labirintinin içindən ildə 300 milyard dollarlıq maliyyə qərarı ilə çıxmaq iqlim diplomatiyasının ən üst səviyyəsi sayılmalıdır. Bununla da Azərbaycan diplomatiyası COP29-da dünya diplomatiya tarixinə öz adını yazdırdı".