AntiAzərbaycan dairələrin ürəyinə sancılan ox

COP29-da tarixi qərarların qəbuluna nail olundu

Azərbaycan daha bir mötəbər beynəlxalq tədbiri uğurla başa vurdu. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edərək tarixi qərarların qəbuluna nail oldu. Müxtəlf baxışlı dünya dövlətlərini bir araya gətirərək inkişaf etməkdə olan ölkələrə maliyyə yardımın ayrılmasına razılıq əldə etdi. Ölkəmizin COP29-a  sədrliyi nəticəsində çoxtərəfli beynəlxalq danışıqlar çərçivəsində uzun müddət açıq qalan məsələlərin həllinə nail olundu. Artıq ölkə və şirkətlərin öz iqlim məqsədlərinə nail olmaq üçün əməkdaşlıq edə biləcəyi yüksək keyfiyyətli və şəffaf karbon bazarları yaranacaq. Paris Sazişinin 6-cı maddəsi isə milli iqlim planlarının həyata keçirilməsi zamanı hər il 250 milyard ABŞ dollarına qənaət etməyə imkan verir.

COP29-a ev sahibliyi edən Azərbaycan iqlim dəyişikliyinə qarşı mübarizədə ortaq məxrəc əldə edə bildi. Kollektiv Qərbin təzyiq və təhdidlərinə baxmayaraq tarixi qərarların qəbulu ilə yaddaşlarada qaldı. Məsələ orasındadır ki, ABŞ-da daxil olmaqla bir sıra Avropa dövlətləri  Azərbaycanın dünya miqyaslı və BMT sistemində ən böyük tədbir olan COP29-a ev sahibliyi etməsini həzm edə bilmirdilər. Qısqanclıq, paxıllıq hissinə bürünmüş Qərb bu səbəbdən  riyakarlıq etmək zorunda qalmışdı. Məqsəd isə aydın idi- Azərbaycanı tələm-tələsik Ermənistanla sülh müqaviləsinə vadar etmək. Bu məsələdə C.Bayden Administrasiyası xüsusi canfəşanlıq edirdi. 4 illik hakimiyyəti boyu uğursuzluqlarla yadda qalan C.Bayden guya Ermənistanla Azərbaycan arasında sülhə nail olmaqla və hətta sülh müqaviləsinin Vaşinqtonda imzalanmasını təmin etməklə özünə xal qazanmaq və Nobel sülh müküfatına layiq olmaq kimi hədəflər güdürdü.

Digər məqsəd isə Azərbaycan xalqına qarşı hərbi cinayətlər törətmiş mənfurların azad olunmasına nail olmaq idi. Hansı ki, Azərbaycan buna heç vaxt razı ola bilməsdi. Çünki sözügedən hərbi canilər konkret olaraq azərbaycanlılara qarşı törətdikləri etnik təmizləmə əməliyyatına görə istintağa cəlb olunublar. Onların əli qoca, uşaq, qadın azərbaycanlıların qanına bulanıb.

Şübhəsiz ki, Qərbin iqtisadi mahiyyətli planları da var idi. Etiraf edilməlidir ki, Azərbaycanın əldə etdiyi iqtisadi uğurlar Qərbi rahat buraxmır. Elə  bu səbədən də ölkəmizin neft-qaz sənayesini sıradan çıxarmaq və Azərbaycanı bu sahədə qeyri-real olan öhdəliklər altına salmaq niyyəti ortada idi. Buna nail olmaqdan üçün ermnilərdən bir alıt kimi istifadə ən optimal variant idi. Ona görə də bir sıra Qərb "diplomatları" Qarabağ ermənilərini yenidən qaytarmaq məsələsini gündəmə gətirirdilər. Məqsəd isə  Azərbaycan xalqı üçün yeni terror və separatizm yuvası qurmaq, regionu yenidən öz bildikləri kimi idarə etmək üçün vasitələr əldə etmək idi.

Paralel olaraq Qərb çirkin vasitələrlə ev sahibi və sədr ölkə kimi Azərbaycana təzyiq göstərərək iqlim maliyyələşməsi üzrə öhdəliklərindən qaçmağa çalışırdı. Bakıda aparılan müzakirələr də bunu bir daha göstərir. Dünya Qərbdən 1 trilyon gözlədiyi halda, Qərb yalnız 250 milyard dollarlıq vəsaitlə ortaya çıxdı. Qəsdən bu rəqəmi də tədbirin ən son günü açıqladı ki, əlavə müzakirələr üçün vaxt qalmasın. Göründüyü kimi bütün dünyanı karbon qazı ilə zəhərləyən və qlobal iqlim fəlakətinə səbəb olan Qərb indi məsuliyyətini başqalarının üzərinə yıxmağa çalışır.

Lakin bütün cəhdlərə baxmayaraq həm ABŞ, həm də kollektiv Qərbin arzuları ürəklərində qaldı.  Azərbaycan yüksək səviyyədə ev sahibliyi etdiyi COP29 tarixi qərarları ilə yaddaşlara həkk olundu. Azərbaycana təzyiq edən Avropa dövlətlərinin özləri beynəlxalq ictimaiyyətin təzyiqləri qarşısında güzəştə getməli oldu. İnkişaf etməkdə olan ölkələr də kompromisə getdi, çünki ümumiyyətlə razılaşma olmamaqdansa, kompromis əsasında hər hansı razılaşma yaxşıdır. Birmənalı şəkildə qeyd edilməlidir ki, bu razılaşmanın məhz Bakıda əldə olunması riyakar Qərb liderlərinin ürəyinə ox kimi sancıldı.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31