Bu davranışlar Almaniya-Azərbaycan münasibətlərinə yalnız neqativ təsir göstərə bilər – ÖZƏL
18:28 SiyasətAlmaniyanın xarici işlər naziri Annalena Berbok COP29 sammiti çərçivəsində Bakıya səfəri zamanı Azərbaycanın demokratik standartlara riayət etmədiyini və insan haqları sahəsində çatışmazlıqlara yol verdiyini iddia edib. O, həmçinin 76 deputatın, o cümlədən Bundestaq üzvlərinin Azərbaycana girişinə qadağanı "qəbuledilməz" adlandırıb və bunun Avropa Şurası çərçivəsində götürülən öhdəliklərə və beynəlxalq hüquq prinsiplərinə zidd olduğunu bildirib. Bu açıqlamalar beynəlxalq əməkdaşlığın müzakirə edilməli olduğu sammitdə diplomatik gərginlik yaradıb.
"Almaniya Xarici İşlər nazirinin Bakıda verdiyi açıqlamalar iki ölkə arasındakı münasibətlərə neqativ şəkildə təsir göstərəcək. Qətiyyən şübhə yoxdur ki, rəsmi Bakının Almaniyaya verəcəyi cavablar mövcuddur və böyük ehtimalla, Azərbaycan dövləti Almaniyaya bu ölkənin Xarici İşlər nazirinin qeyri-diplomatik və qeyri-etik davranışlarına görə müəyyən etirazlarını bildirəcək və gələcək münasibətlərdə bütün bunları mütləq nəzərə alacaqdır".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib:
"Almaniyanın Xarici İşlər nazirinin Azərbaycana yönəlik ittihamları tamamilə əsassızdır. Çünki hər hansı bir ölkəni ittiham edən bir dövlət öz ərazisində tamamilə fərqli situasiyanın yaranmasına cəhd etməlidir. Almaniyada insan haqları ilə bağlı ciddi problemlərin olduğu heç kimdə şübhə doğurmur. Ən azından Almaniyada insanların sərbəst toplaşma hüquqlarına yönəlik zorakı müdaxilələr, polis zorakılıqları bütün bunları sübut edir. Digər tərəfdən, Azərbaycanın 76 avropalı deputata Azərbaycana girişi qadağan etməsinin də olduqca ciddi, beynəlxalq hüquq normaları ilə təsbit olunmuş səbəbləri mövcuddur. Bu 76 avropalı deputat Azərbaycana qarşı heç bir əsası olmayan absurd, iftira, böhtan xarakterli ittihamlar irəli sürüb. Ona görə də həmin deputatlara qarşı Azərbaycana girişin qadağan edilməsi tamamilə haqlı davranışdır. 76 deputatın hamısı ermənipərəst mövqe tutmaqla Azərbaycana qarşı Ermənistanın yanında olduğunu büruzə verib, tərəf olaraq çıxış ediblər. Ona görə də rəsmi Bakı bu şəxsləri Azərbaycan ərazisində görmək istəmir.
Avropa Şurası çərçivəsindəki öhdəliklərə gəldikdə isə, Avropa Şurasının özü, üzv dövlətlər Azərbaycan qarşısındakı öhdəliklərini kobud şəkildə pozub. Avropa Şurası öz üzvlərinə münasibətdə bərabərhüquqlu yanaşmaq öhdəliklərinə malikdir. Amma reallıqda Avropa Şurası faktiki olaraq ermənipərəst mövqe tutmaqla Azərbaycana qarşı ədalətsiz və heç bir əsası olmayan mövqedən çıxış edib. Bu anlamda da Avropa Şurası Azərbaycandan üzr istəməlidir. Azərbaycanın Avropa Şurası qarşısında heç bir pozulmuş öhdəliyi yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü beynəlxalq hüquq normaları çərçivəsində bərpa edib. Avropa Şurası isə ermənipərəst mövqe tutmaqla əsassız iddialar irəli sürür. Ona görə də Azərbaycanın Avropa Şurası qarşısında heç bir pozulmuş öhdəliyi yoxdur. Bütün bunlar ümumi şəkildə belə görüntü yaradır ki, Almaniyanın Xarici İşlər Nazirliyi Bakıya xüsusi tapşırıqla, sifarişlə göndərilib və burada yüksək səviyyədə keçirilən COP29 tədbirinə kölgə salmaq niyyəti güdüb. Halbuki buna nail olmadan da geri qayıtmaq məcburiyyətində qalıb. Qətiyyən şübhə doğurmur ki, rəsmi Bakı buna lazımi reaksiya verəcək və bu davranışlar Almaniya Azərbaycan münasibətlərinə yalnız neqativ təsir göstərə bilər".
Qiymət Mahir