Ermənistanın COP29-da iştirakdan qaçmasının arxasındakı həqiqətlər – ÖZƏL

"Ölkəmiz COP29 kimi möhtərəm tədbirə ev sahibliyi etməklə yanaşı, beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq, ədalətin bərpası naminə fəaliyyətlərini davam etdirir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elmir Səftərov deyib:

"Azərbaycan Bakıda iqlim dəyişmələrinin və onun mənfi təsirlərinin azaldılması üçün aparılan müzakirələrə paralel olaraq, Ermənistanın bərpaolunan enerji mənbələrimizi qanunsuz olaraq istifadə etməsi kimi məsələləri də faktlarla beynəlxalq məhkəmələrə təqdim edir. Bu səbəbdəndir ki, dəvət olunmasına baxmayaraq, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında iştirak etməyən Ermənistan anlayırdı ki, Azərbaycanın ərazisindəki biomüxtəlifliyin məhv edilməsi, enerji mənbələrinin mənimsənilməsi kimi reallıqlarla üz-üzə qalacaq. Hansı üzlə hazırda dünyanı əsas düşündürən humanitar məsələlər barədə öz mövqeyini ortaya qoyacaq? Ümumilikdə isə Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra aktiv şəkildə Ermənistanın 30 illik işğal dövründə həyata keçirdiyi bütün cinayətləri qeydə alaraq müvafiq məhkəmələrə faktlarla təqdim edir. Lakin savaş meydanında məğlub olan Ermənistan siyasi müstəvidə də törətdiyi əməlləri ilə üz-üzə qalmamaq üçün himayədarları tərəfindən ciddi şəkildə dəstəklənir. Belə ki, COP29 ərəfəsində ölkəmizə qarşı tanınmış şəxslər, "insan hüquqları müdafiəçiləri", aktivistlər, akademik dairələrin nümayəndələri tərəfindən  əsassız bəyanatlar daha da çoxalmışdı. Onlar bununla COP29-u əhəmiyyətsizləşdirməyə çalışır, xarici ölkələrin rəsmilərinə orada iştirak etməmək üçün çağırışlar edirdilər. Lakin ümumilikdə 75 mindən çox şəxsin COP29-da qeydiyyatdan keçməsi və yüksək iştirakçılıq anti-Azərbaycan qüvvələrinin bütün fəaliyyətini səmərəsizləşdirdi. Onlar müxtəlif əsassız iddialarla ölkəmizə qarşı təzyiq göstərilməsini tələb etsələr də, mövcud reallıqları dəyişə bilmədilər.  

Ermənistan və ermənipərəst qüvvələr ərazi bütövlüyünü və suverenliyini təmin edən, ərazilərində separatizmin kökünü kəsən bir ölkənin BMT-nin COP29 sammitinə ev sahibliyi etməsini həzm edə bilmirlər. Ona görə də COP29-un Azərbaycanda keçirilməsi bütün təzyiqlər fonunda böyük uğur sayılmalıdır. Ermənistan uzun illər ərzində beynəlxalq təşkilatların  qərarına və beynəlxalq ictimaiyyətin onun icrası ilə bağlı çağırışlarına məhəl qoymayaraq, Qarabağdakı işğalı davam etdirib, orada humanitar fəlakəti daha da dərinləşdirib. Lakin bu gün etdiyi cinayət faktları ilə üzləşən Ermənistan əsassız iddialarla proseslərdən diqqəti yayındırmaq niyyətindədir".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31