Ermənistana qarşı beynəlxalq məhkəmələrdə qaldırılan iddialar hüquqi baza yaradır – Vüqar Əhmədov – ÖZƏL
17:35 Siyasət"Şübhəsiz ki, Ermənistana qarşı beynəlxalq məhkəmələrdə qaldırılan bütün iddialar növbəti addımlar üçün hüquqi baza formalaşdırır".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib:
"Bundan əvvəl də Beynəlxalq Cinayət Məhkəməsində Azərbaycanlı qaçqınların hüquqları, deportasiya məsələsi ilə bağlı rəsmi Bakı tərəfindən iddialar qaldırılmışdı. Digər iddialardan biri Azərbaycan ərazisində mədəni abidələrin dağıdılması məsələsidir. Davamlı şəkildə qaldırılan iddialar beynəlxalq miqyasda Ermənistana qarşı hüquqi müstəvidə olan iddialara presedentlər yaradır. Təkcə dövlət adından deyil, vətəndaşlar adından da belə məhkəmə iddiaları beynəlxalq məhkəmələr çərçivəsində qaldırıla bilər, buna misal olaraq Avropa məhkəməsində Çıraqovlar işini nümunə gətirmək olar.
Ermənistan uzun illər Qarabağda, Azərbaycan ərazilərində təbii resurslardan qanunsuz istifadə etmiş, ölkəmizin enerji resurslarını mənimsəyibdir. Bunun beynəlxalq aspekti ona görə vacibdir ki, Azərbaycanın icazəsi olmadan işğal altında olan ərazilərdə xarici şirkətlər də iştirak etmişlər. Azərbaycan tərəfi dəfələrlə buna ictimai və beynəlxalq miqyasda öz etirazını bildirərək məsələləri beynəlxalq gündəmə gətirmişdir. Bütün bu addımlar beynəlxalq və hüquqi səviyyədə məhkəmələrdə qaldırılandan və Azərbaycan iddiaçı olaraq udandan sonra artıq Ermənistan təzminat ödəməli olacaq. Bu indi baş verməsə belə gələcəkdə digər hüquqi mexanizmlər vasitəsi ilə Ermənistanın dövlət kimi bütün bunlara görə kompensasiya ödəməsi daim onların qarşısında duran hüquqi öhdəlik yaradacaq, bunu başqa vasitələrlə də Ermənistan kompensasiya etməli olacaq. Xüsusən indi ekoloji və enerji məsələlərinin dünyanın gündəmində olduğu bir dönəmdə, Ermənistan tərəfindən ekoloji cinayətlərin törədilməsi insanlıq əleyhinə törədilən cinayətlər qədər sayıla bilər".
Qiymət Mahir