İnkişaf etmiş ölkələrin təcrübələrindən istifadə etməklə gömrük siyasəti həyata keçirilməlidir

İstiqamət: azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

"İlk növbədə Azərbaycanda iqtisadiyyatın inkişaf etdirilməsi üçün gömrük münasibətlərinə diqqət ayırmaq vacibdir. Liberal gömrük münasibətlərinin və liberal gömrük vergi siyasətinin formalaşdırılması  istiqamətində qanunvericilik bazasının yaradılmasına ciddi ehtiyac var"

Bunu Olaylar.az-a açıqlamasında iqtisadçı ekspert Razi Abasbəyli bildirib:"İnkişaf etmiş ölkələrin təcrübələrindən istifadə etməklə elə bir gömrük siyasəti həyata keçirilməlidir ki, bu, daxildə sənayenin inkişafına və liberal rəqabətli iqtisadiyyatın formalaşmasına gətirib çıxara bilsin. İlk növbədə daxili bazarın mənafeləri qorunmaqla, sənayenin inkişaf etdirilməsi, əsas strateji hədəflərə çatmaq üçün bu siyasətin konturları hazırlanmalıdır. 
Burada bir neçə mühüm məqam var ki, Azərbaycan hələ ki, əsasən istehsalçı ölkə statusunda deyil. Buna baxmayaraq, daxili bazar tələbatının ödənilməsi baxımından bazarın maraqları qorunmalıdır. Daxili bazarın tələbatı tam ödənildikdən sonra ixrac potensialı müəyyən edilməlidir və bu mütəmadi olaraq operativ dövrlərə görə təyin edilməlidir. Bunlar müəyyənləşdirildikdən sonra, məsələn aqrar sektorda tədarük mövsümündə ilk növbədə daxili bazar və ehtiyat stoklarımızın hazırlanması və növbəti aylar üçün idxaldan asılı vəziyyətə düşməməyimiz üçün bu siyasət həyata keçirilməlidir. Daxili tələbat ödəndikdən sonra isə ixracatla bağlı daha liberal və yumşaq vergi siyasəti həyata keçirmək lazımdır. Məsələn, biz xüsusi strateji ərzaq məhsulları ilə bağlı adətən idxaldan asılı vəziyyətə düşürük. Azərbaycan, məsələn, 2023-cü ildə təxminən 300 min tona yaxın kartof ixrac edib. Bu təsadüf edib əsasən iyul, avqust və sentyabr aylarına. Lakin biz diqqət etsək oktyabr, noyabr və dekabr aylarında Azərbaycan 150 min kartofu təkrar idxal edib ölkəyə. Yəni, ölkə ixracatdan öncə daxildə stoklama daxili bazarın maraqlarının qorunması baxımından tələbatın təmin edilməsi istiqamətində gömrük siyasəti həmin dövrdə tədarük dövründə gömrük rüsumlarının artırılması tədarük dövrü bitdikdən sonra stoklanmış artıq qalan məhsulların ixracatı ilə bağlı daha yumşaq və daha aşağı gömrük rüsumları tətbiq edilə bilər. Bu sənayedə də, iqtisadiyyatın digər sahələrində də həyata keçirilməlidir. Düşünürəm ki, xüsusilə aqrar sektor üçün iqtisadiyyatın tərəqqisi baxımından dövlətin daha dayanıqlı dəstək prinsipləri, dəstək proqramları olmalıdır və bu istiqamətdə addımlar atılmalıdır. Düzdür, həm subsidiyalaşma, həm aqrar sektorda xüsusi strateji ərzaq məhsulları ilə bağlı təşviqedici proqramları və bu proqramların maliyyələşməsi həyata keçirilir. Lakin bunu əsaslı olaraq vahid strateji dövlət proqramı halında Nazirlər Kabineti tərəfindən tənzimlənməsinə ehtiyac yaranır.
Əgər biz gömrük siyasətini liberallaşdırıb, daha çox strateji maraqlarımıza uyğunlaşdırsaq, bundan sonra daxili bazarda, demək olar ki, ilk növbədə azad sahibkarlığın inkişaf etdirməsi, vergi siyasəti, məsələn, vergi ilə bağlı sahibkarlıq subyektlərinə yanaşma fərdi və individual olsa, daha doğru olar. İndividual yanaşma mexanizmləri dünyanın, xüsusilə də Avropa ölkələrinin bir neçəsində tətbiq edilir. Məsələn, hamıdan eyni səviyyədə gəlir vergisi və ya əlavə dəyər vergisi alınmır. Daha çox əmək haqqı alan və yaxud daha çox gəlir əldə edən fiziki və hüquqi şəxslərə daha çox vergi hesablanır. Yaxud, vergi dərəcələrinin vahid sxemi mövcud deyil.  Azərbaycanda olduğu kimi, hamı üçün əlavə dəyər vergisi 18 faiz təşkil etmir. Dövriyyədən asılı olaraq və yaxud da vətəndaşın gəlirlərindən asılı olaraq bu dəyişir. 300 manat əməkhaqqı alanların da, 3000 manat əmək haqqı alanların hər ikisinə də 18 faizlik əlavə dəyər vergisi hesablanır. Bu, sahibkarların yükünü yüngülləşdirir. Buna fərdiləşdirilmiş ədalətli vergi sistemi deyilir. Avropa ölkələrində bu son bir neçə ildə artıq tətbiq edilməyə başlayıb. Bu baxımdan əsasən özəl sektorda sahibkarlığın inkişafı baxımından fərdiləşmiş vergi siyasətinin tətbiqinə ciddi ehtiyac var. Regionlar üzrə bir sıra vergi güzəştləri mövcuddur, sadələşdirilmiş vergi üzrə güzəştlər tətbiq edilir, dövriyyəyə uyğun olaraq gəlir vergisi hesablanır. Burada ədalət prinsipləri qorunur, yalnız əlavə dəyər vergisi ilə bağlı tətbiq edilən prinsiplərə daha yumşaq yanaşılmasına ehtiyac var. 
Bundan başqa, bizim vacib qeyd etməli olduğumuz məqam ilk növbədə bazarda rəqabət qabiliyyətinin artırılmasıdır və buna dövlətin xüsusi nəzarət etməsinə ciddi ehtiyac var. Daxili bazarda istər sənaye sahəsində olsun, istər ərzaq təminatı, pərakəndə və topdansatış bazarlarında bu baxımdan vacib olan şərt rəqabət mühitinin təşkil edilməsidir. Rəqabət mühitinin pozulmaması və  rəqabət mühitinin formalaşdırılması üçün dövlətin müvafiq inzibati imkanları və resursları var və bu resurslardan istifadə edilməlidir. Düzdür, müəyyən mənada bu imkanlardan istifadə edilir, amma bir az daha kütləvi və miqyasını böyütməklə. Biz həm özəl sektorda, iş adamlarının, investorlarının imkanlarını genişləndirə bilərik, həm də rəqabət imkanları, rəqabətə davamlılıq göstəricilərini müəyyən edə bilərik.
Digər bir tərəfdən bank və maliyyə sektorunda kredit faizləri ilə bağlı məsələ var. İqtisadiyyatın inkişaf etməsində, xüsusilə də sənaye inkişafında bank maliyyələşdirmə və kreditləşmə prinsiplərini yumşaltmaq lazımdır. Daha aşağı faizlə kreditlərin təşkil edilməsinə ciddi ehtiyac var. Burada istehlak kreditlərində və yaxud da şəxsi ehtiyac meyarları üçün nəzərdə tutulan kreditlərdə bu riskləri önləmək üçün faiz dərəcələri bu gün belə deyək ki, adekvatdır, çünki fərdi və istehlak kreditlərinin risk göstəriciləri daha böyükdür. Amma kiçik və orta sənaye sahibkarlığında biz bank kreditlərinin faiz dərəcələrinin də yüksək olduğunu gördük. Bu, ədalətli deyil və adekvat deyil. Gözlənilən və nəzərdə tutulan inkişaf potensialına adekvat deyil. Ona görə də sənaye sektorunda maliyyələşmə və kreditləşməyə xüsusi həssas yanaşmaq tələb olunur və kredit faizlərinin aşağı olması vacib şərtlərdən biridir. 
Bütövlükdə kompleks yanaşanda liberal iqtisadiyyatın, eyni zamanda, azad sahibkarlığın inkişaf etdirilməsi üçün birinci növbədə gömrük, ikinci növbədə daxili vergi siyasəti, üçüncü növbədə kreditləşmə və maliyyələşmə prinsiplərinə həssas yanaşılmalıdır və bu həssas yanaşma nəticə etibarilə də rəqabət imkanlarını ortaya qoyacaq. Eyni zamanda, ixraca davamlı xarici təsirlər altına düşməyən yeni istehsal və daha güclü investisiya layihələrinin yaranmasına, formalaşmasına gətirib çıxaracaq, qeyri-dövlət sektorunda və xüsusilə də qeyri-neft sektorunda biz bu inkişafı görə bilərik. Proses Azərbaycanda gedir, lakin yeni təkliflər bəzən gecikir, bəzən uzun müddət müzakirələrə səbəb olur. Əlbəttə ki, daha tez, daha operativ yanaşmalar hər dövr üçün, məsələn, adətən Azərbaycanda bu yanaşmalar ildə iki dəfədən çox olmur. Amma hansı ki, dünyanın inkişaf etmiş ölkələrində bəzən ildə dörd və yaxud beş dəfə həm büdcə maliyyələşməsinə, həm ölkənin ümumdaxili məhsulunun formalaşması ilə bağlı vergi proqnozlarına yenidən baxılır, gömrük proqnozlarına yenidən baxılır. Bu dünya bazarında baş verən proseslər, ölkənin ixrac idxalatı, ticarət dövriyyəsi ilə bağlı olan ən xırda məqamlar hökumətin operativ müdaxiləsi ilə öz həllini tapır. Azərbaycanda biz bunu qanunvericiliyə görə ildə iki dəfədən çox edə bilmirik. Yaxşı olar ki, buna ildə dörd-beş dəfə tez-tez, operativ şəkildə müdaxilə imkanları yaradılsın və bununla da düşünürəm ki, kiçik və orta sahibkarlıq, eyni zamanda, sənaye, aqrar sektorda və ərzaq strateji mütərəqqi, daha rəqabətə davamlı, daha çox belə deyək, ümumi daxili məhsulun çoxalmasına səbəb ola biləcək mənzərənin şahidi olarıq".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31