Azərbaycanın bir neçə istiqamətdə Ermənistana qarşı iddia qaldırmaq hüquqları var - ÖZƏL
21 Noyabr 16:56 Siyasət"Azərbaycanın Ermənistanla yeni beynəlxalq məhkəmə davası açması, ölkəmizin hüquqları çərçivəsində və beynəlxalq hüquq normalarına uyğun hadisədir".
Bunu Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
"Əslində Azərbaycanın bir neçə istiqamətdə Ermənistana qarşı iddia qaldırmaq hüquqları, əsasları var. İstər genosid, istər ubisid, istərsə də ekosid müstəvisində Ermənistan 30 ildir Azərbaycana misilsiz zərbələr vurub və misilsiz cinayətlər törədib. Son həftələrdə də Azərbaycanın beynəlxalq məhkəmədə Ermənistanın bizim enerji suverenliyimizə qarşı etdiyi cinayətlərlə bağlı müraciəti əhəmiyyətli bir addımdır. Yəqin ki, Azərbaycanın bu istiqamətdə ortaya qoyacağı çox ciddi faktlar var. Çünki hələ Sovet hökumətinin dövründən başlayaraq ötən 2020-ci ilə qədərki müddətdə Ermənistan işğal etdiyi ərazilərdə, o cümlədən də Qarabağda və ətraf bölgələrdə Azərbaycanın enerji mənbələrini amansızcasına ya istismar eləyib, ya da onları məhv edib. Bütün hallarda Ermənistan bu hərəkəti ilə həm Azərbaycana özünün məxsusi enerji mənbələrindən istifadə etmək hüququnu pozub, həm də Azərbaycanın burada potensial enerji mənbələri yaratmaq imkanlarını demək olar ki, sıfıra endirib. 30 illik işğal olmasaydı, kim bilir, bəlkə də indi Qarabağ və onun ətrafında, bölgələrdə, Azərbaycanın yüzlərlə, minlərlə alternativ enerji mənbələri işə salınmışdı və bu gün Azərbaycanın enerjiyə olan tələbatının böyük hissəsini ödəyirdi. Mübaliğəsiz demək mümkündür ki, əgər bu işğal olmasaydı, bu gün Azərbaycanın ümumi enerji potensiyalı payında bərpa olunan enerjinin 15-17 % olması daha böyük rəqəmlərə gəlib çıxa bilərdi və bəlkə də 60-70 % səviyyəsində ola bilərdi. Çünki həm Qarabağın, həm də Şərqi Zəngəzur bölgəsinin çox böyük bərpa olunan enerji imkanları var. Onun bərpa olunan enerji strukturlarını 30 ildir Ermənistan həm məhv elədi, həm istismar elədi, həm də yeni-yeni alternativ enerji mənbələrinin yaradılması imkanlarını Azərbaycanın əlindən aldı. Bir sözlə, Azərbaycan bu gün Ermənistanın enerji sahəsində törətdiyi cinayətlərin araşdırılması üçün Beynəlxalq Məhkəməyə müraciət edib və bu məhkəmənin çox böyük predmeti var. Bu məhkəmə işinin predmeti isə Azərbaycanın enerji, suverenliyinə Ermənistan tərəfindən törədilmiş cinayət və onun lazımi hüquqi qiymətini almasıdır".