Azərbaycanın Fransaya nəzakətli bir dildə həddini bildirməsi təqdirəlayiqdir - ÖZƏL
16:38 Siyasət"Fransanın Azərbaycanla bağlı davranışları həqiqətən də həddini aşmaqdan başqa bir şey deyil".
Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Azərbaycan dövləti və onun rəhbəri Fransanın bu davranışlarına yetərincə diplomatik və təmkinli münasibət sərgiləyir. Amma buna baxmayaraq, Fransa nəticə çıxarmır, bütün mümkün platformalarda antiAzərbaycan kampaniyası aparır. Özü də bunu dövlət səviyyəsində edirlər. Yəni birbaşa prezident Emmanuel Makronun şəxsi nəzarəti və təşəbbüsü ilə antiAzərbaycan kampaniyası aparılır. COP29-la bağlı da bu proses davam etdirilir. Xatırlayırıq ki, COP29 ərəfəsində də Fransa bu tədbirin məhz Azərbaycanda keçirilməsini əsas tutaraq boykot edilməsi üçün çalışdı. Amma təbiidir ki, heç bir nəticə əldə edə bilmədi. İndinin özündə də dinc durmurlar antiAzərbaycan kampaniyasını davam etdirirlər. Ona görə də Azərbaycan Xarici İşlər Nazirliyinin səfiri dəvət etməsi, ona nota təqdim etməsi və Fransaya nəzakətli bir dildə yerini və həddini bildirməsi təqdirəlayiqdir. Bu, edilməli idi və edildi. Əlbəttə ki, bizi heç kim yolumuzdan döndərə bilməyəcək. Azərbaycan dövləti istər Fransa olsun, istərsə də başqa dövlətlər, onların diktəsi ilə hərəkət etməyib, etməyəcək də".