Həmin vətəndaşlara müvafiq sosial müavinətlər verilir...- ÖZƏL
21 Noyabr 16:22 Siyasət"Məlumdur ki, Azərbaycanda minimum əmək haqqının həcmi ölkə Prezidentinin müvafuq sərəncamları əsasında müəyyən edilir. O ki qaldı minimum pensiyalara, bu istiqamət üzrə konkret rəqəmlər müvafiq qanunların qəbul olunmasından sonra bəlli olur. İqtisadi meyarlara gəldikdə, təbii ki, makroiqtisadi göstəricilər burada əsas rol oynayır. Belə ki, minimum əmək haqqı, minimum pensiya ilə bağlı qərarlar qəbul edildikdə inflyasiya göstəriciləri, əhalinin alıcıləq qabiliyyəti, əhalinin minimum tələb olunan istehlak məhsulları ilə təmin olunması məsələləri nəzərdə keçirilir ki, bunların əsasında da müvafiq qərarlar qəbul olunur. Müsbət hal kimi dəyərləndirilə bilər ki, son illər minimum əmək haqqı, minimum pensiya artımı, bütövlükdə əmək haqqı fondu və pensiya təminatə ilə bağlı qabaqlayıcı artım qərarları qəbul olunur".
Bu fikirləri iqtisadçı Elşad Məmmədov Olaylar.az-a açıqlamasında bildirib:
"Mütəmadi bir hal alıb ki, qiymət artımı ilə bağlı fəsadların aradan qaldırılması üçün sosial artımlar, ödənişlər reallaşdırılır. Bunun da əsas fundamental səbəblərindən biri kimi sosial müdafiə sistemində əldə olunan şəffaflığı qeyd etmək lazımdır. İdarəetmədəki mütərəqqi qərarlar da təbii olaraq dövlətin imkanlarını genişləndirmiş olur. Ölkə Prezidentinin siyasi iradəsinə əsasən əldə olunan resurslar məhz prioritet olaraq ölkə əhalisinin sosial müdafiəsinə yönəldilib ki, bunun da müsbət nəticələri cəmiyyətdə hiss olunmaqdadır.
25 illik iş stajı tələbi ilə bağlı olan məsələ o halda reallaşdırılır ki, vətəndaş pensiya kapitalına minimum pensiya almaq üçün tələb olunan vəsaiti yığa bilməyib. Əks halda, 25 illik iş stajı tələbi yoxdur. Hətta vətəndaş vəsaiti yığa bilməyib, 25 illik stajı yoxdursa belə, dövlət tərəfindən müvafiq addım atılır və həmin vətəndaşlara müvafiq sosial müavinətlər verilir. Bu müavinətlərlə bağlı qərarlar yenə də inflyasiya, əhalinin alıcılıq qabiliyyəti ilə bağlı olan vəziyyətə əsasən qəbul olunur. Ona görə də hətta vətəndaş müvafiq kapital yığmayıbsa, 25 illik iş stajı yoxsa belə sosial müavinətlərin artımı hesabına onun sosial müavinətinin təşkil və təmin olunması mümkündür ki, zənnimcə, dövlət də bu istiqamətdə müvafiq fəaliyyət göstərməkdədir".
Zeynəb Rzayeva