Bakıda COP29 mükəmməl təşkil olunub – Mariya Zaxarova

Bakıda noyabrın 11-dən etibarən keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) mükəmməl təşkilini qeyd etmək istəyirik.

Olaylar xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bu gün keçirilən həftəlik brifinqdə bildirib.

"Rusiyanın bu tədbirdə geniş təmsil olunması bir daha təsdiq edir ki, ölkəmiz iqlim dəyişikliyi ilə mübarizədə səylərin birləşdirilməsinin tərəfdarıdır. Bu format çərçivəsində Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin iqlim fəaliyyətləri üzrə dünya liderlərinin sammitində çıxış etdi", - deyə o bildirib.

M.Zaxarova Azərbaycan tərəfinin Rusiya nümayəndə heyətinə göstərdiyi isti və qonaqpərvər qarşılanmanı vurğulayıb.

Onun sözlərinə görə, bu tədbirin Azərbaycanda keçirilməsi Bakının beynəlxalq arenadakı nüfuzunu daha da artıracaq.

"Biz iqlim sahəsində Azərbaycan və maraqlı olan bütün dövlətlərlə əməkdaşlığı genişləndirmək niyyətindəyik", - deyə o əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31