İqlim dəyişikliyininin təsirinə məruz qalan icmaların səsi bir çox halda susdurulur- ÖZƏL
15:45 Siyasət"COP29-da qaldırılan mühüm məsələlərdən biri də neokolonializm və iqlim dəyişmələridir. Belə ki, Fransa və Niderlandın xüsusən də Karib dənizi və Sakit Okean regionundakı "dəniz əraziləri" iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasındadır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Hüseynli deyib: "Artan dəniz səviyyəsi, kəskin hava şəraiti və biomüxtəlifliyin pozulması həmin regionlara ciddi təhlükə yaradır. Həmin icmaların səsi bir çox halda onların metropoliyalarındakı rejimləri tərəfindən susdurulur. Dövlət başçısı bu problemləri bəyan etməklə yanaşı, sammitdəki çıxışında auditoriyanı müstəmləkə şəraitində yaşayan xalqların düşüncələrini azad, müstəqil gələcəyə kökləyir: "Gəlin, həmin ərazidəki xalqları alqışlayaq, - bu gün XXI əsrdə də müstəmləkə hakimiyyətindən əziyyət çəkirlər. Hazırda Fransa Polineziyası və Yeni Kaledoniya 1946-1947-ci illərdə BMT tərəfindən qeyri-özünü idarə edən ərazilər kimi tanınır. Bununla belə onların dekolonizasiya prosesi hələ də yubanır. 1966-1996-cı illər ərzində Fransa Polineziyası Fransanın apardığı 193 nüvə sınağı səbəbindən ətraf mühitin ciddi pozulması ilə üzləşib. Fransa orada torpaq və suyun kəskin dərəcədə zəhərlənməsi və radiasiyasına görə məsuliyyət daşıyır. Radiasiya səviyyəsi 4900 faizi keçib. Əgər buna Fransanın Əlcəzairdə illər boyu işğalı zamanı həyata keçirdiyi 17 nüvə sınağını əlavə etsək, biz həmin ölkə tərəfindən planetin ekosisteminə hansı zərərin vurulduğunu görərik".