Bu, ikili standartların və siyasi riyakarlığın ən bariz göstəricisidir...- ÖZƏL
14 Noyabr 2024 13:37 Siyasət"Avropa İttifaqının bəzi ölkələrinin ölkəmizi müxtəlif bəhanələrlə tənqid etməsi ədalətli yanaşma deyil və bəhanalər də həqiqətdən çox-çox uzaqdır. Məsələ burasındadır ki, bunu həmin ölkələrin liderləri də, onların təsiri altında olan ayrı-ayrı qurumların rəhbərləri özləri də kifayət qədər yaxşı bilir. Amma onların anti-Azərbaycan siyasəti ədalətli mövqe tutmağa imkan vermir.
Təsəvvür edin ki, bu gün Azərbaycan neft və qaz kimi təbii sərvətlərə malik olduğuna görə belə tənqid olunur. Halbuki, dünyada Azərbaycandan qat-qata artıq neft və qaz ehtiyatlarına malik kifayət qədər ölkə var və bu ölkələr heç vaxt neft-qaz ölkəsi olduqlarına görə tənqid olunmayıblar. COP29-un açılış mərasimində ölkə başçısı da bu məqama toxunaraq Azərbaycanın dünya neft hasilatında payının 0,7 faiz, qaz hasilatında payının isə 0,9 faiz olduğunu xatırlatdı".
Bu fikirləri siyasi şərhçi Yusif Bağırzadə Olaylar.az-a açıqlamasında bildirib:
"BMT-nin özünü hesabatlarında belə planetimizdə havanın çirkləndirilməsi ilə bağlı göstəricilərdə Azərbaycanın payı cəmi 0,1 faiz təşkil edir. Bu isə G20 ölkələrinin havanın çirkləndirilməsində 80 faiz paya malik olması ilə müqayisədə heç nə deməkdir.
Üstəgəl ölkəmiz götürdüyü öhdəliklərə uyğun olaraq xeyli işlər gördüyü də məlumdur və bu fakt dünyanın əksər ölkələri tərəfindən də qəbul edilir və təqdir olunur. Belə ki, 1990-2022-ci illər üzrə aparılmış İstilik Effekti Yaradan Qaz Emissiyalarının inventarlaşmasına əsasən 2022-ci ildə Azərbaycan baza ili olan 1990-cı illə müqayisədə emissiyaların 34,2% azalmasına nail olmuşdur. Bütün bunlar şübhəsiz ki, ölkədə həyata keçirilən uğurlu ekoloji siyasətin nəticəsində mümkün olmuşdur. Ətraf mühitə zərər vurmayan yüksək texnologiyalardan istifadə, yaşıl enerji mənbələrindən istifadənin genişləndirilməsi, istilik elektrik stansiyalarında mazutdan istifadənin dayandırılaraq daha təmiz yanacaq olan təbii qaza keçilməsi, məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsi, yeni meşə massivlərinin salınması və görülmüş digər işlər bunun bariz sübutudur.
Bu gün Azərbaycanı tənqid edən Qərb mərkəzləri yaxşı bilirlər ki, məhz Avropa Komissiyasının təklifi ilə Azərbaycan və Avropa Komissiyası enerji sahəsində strateji tərəfdaşlıq bəyannaməsi imzalayıblar. Azərbaycan qazına çıxışı olan on ölkədən səkkizi Avropada yerləşir. Bütün bunlar Avropa Komissiyasının xahişi ilə baş verib. İndi də Avropa Komissiyası ilə imzalanmış sazişə görə Azərbaycandan qaz təchizatının 2027-ci ilə qədər iki dəfə artırılması nəzrdə tutulur. Yəni başqa szölə Qərb bir tərəfdən bizdən daha çox qaz hasil etmək üçün xahiş edir, digər tərəfdən isə qaz hasilatına görə bizi tənqid hədəfinə mevirir. Bu, ikili standartların və siyasi riyakarlığın ən bariz göstəricisidir".
Zeynəb Rzayeva