Türk dövlətləri arasında əlaqələr intensiv xarakter alıb- ÖZƏL

"Son illərdə Türk dövlətləri arasında əlaqələr bütün sahələrdə intensiv xarakter alıb və dövrün tələblərinə, baş verən proseslərə uyğun olaraq sürətlə inkişaf etdirilir". "Olaylar" xəbər verir ki, bunu YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev deyib: "Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dövlətlərinin birliyi amallarına sadiq qalacaq. Azərbaycanın bu istiqamətdə töhfələrindən biri də Türk Şurasının yaradılması ilə bağlı sazişin məhz ölkəmizdə imzalanmasıdır. Belə ki, 2009-cu ildə  Naxçıvan şəhərində keçirilən toplantıda imzalanan Sazişə əsasən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası  yaradıldı. O vaxt Sazişi dörd ölkənin - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentləri imzalamışdılar. Lakin illər ötdükcə, xüsusilə son dövrlər Azərbaycanın və Türkiyənin liderliyi ilə  Şuraya üzv ölkələr arasında əməkdaşlıq və əlaqələr genişlənib, 2021-ci ilin noyabrında Şura Türk Dövlətləri Təşkilatına  çevrildi və onun üzvlərinin sayı artdı. Hazırda təşkilatın 5 əsas - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və 2 müşahidəçi üzvü - Macarıstan və Türkmənistan var. Bu gün Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31