COP29 köklü dəyişikliklər və fürsətlər üçün yaxşı nümunələr yaradır- ÖZƏL
10:33 Siyasət"2015-ci ildə Paris sazişinin imzalanmağı bütün dünyada təkcə iqlim fəalları deyil, yer kürəsi, qlobal planetar təfəkkür və məsuliyyət şüuruna malik olan bütün siyasi qüvvələrdə bir ümid yaratmışdı. 9 il keçməsinə baxmayaraq təəssüf ki, atmosferə buraxılan karbon qazlarının azalması ilə bağlı Paris razılaşması ilə əldə edilən bir çox məsələlər yerinə yetirilmədi. Bu gün iqlim təhlükəsizliyindən danışan bir çox böyük dövlətlər Paris müqaviləsi imzalandıqdan sonra bu sahədə üzərlərinə götürdükləri heç bir öhdəliyə əməl etmədilər".
Bu fikirləri siyasi şərhçi Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:
"Özəlliklə Qərb mərkəzli ölkələr Paris razılaşmasının müddəalarının yerinə yetirilməsinə ciddi şəkildə əməl etmirlər. Amma Azərbaycanda keçirilən COP29-da özəlliklə Paris razılaşması üzərindən müəyyən məsələlərin yerinə yetirilməsi ilə bağlı çox ciddi səylər göstərilir. COP29-un ilk günündə Paris sazişinin bir neçə maddəsi üzrə razılaşmalar əldə olunub. Burada Azərbaycanın xüsusi səyləri var. Bu da ümidləri artırır ki, Paris razılaşmasının 6-cı maddəsinə tam əməl edilsin. Amma ABŞ başda olmaqla Fransanın da təmsil olunduğu Avropa İttifaqının bu məsələyə dirəniş göstərdiyini görürük. Buna baxmayaraq COP29 həqiqətən də pozitiv, köklü dəyişikliklər və fürsətlər üçün yaxşı nümunələr yaradır. Ümid etmək olar ki, məhz Paris razılaşmasının nəticəsində əldə edilən önəmli qərarların bir çoxunun yerinə yetirilməsi üçün COP29 yaxşı bir fürsət olacaq".
Zeynəb Rzayeva