Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafında parlamentin xüsusi rolu var- ÖZƏL
25 Oktyabr 2024 11:28 Siyasət"Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində güclü və nüfuzlu dövlət kimi tanınır. Ölkəmizin inkişafının, əldə etdiyi nailiyyətlərin əsasında uğurla, uzaqgörənliklə reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır". "Olaylar" xəbər verir ki, bunu YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev deyib: "Ölkəmizin xüsusilə beynəlxalq əlaqələrinin inkişafında Azərbaycan parlamentinin də xüsusi rolu var. Parlament diplomatiyası ölkəmizin xarici siyasət kursunda mühüm yer tutur. Bu baxımdan, Milli Məclisin beynəlxalq fəaliyyəti xüsusi qeyd olunmalıdır. Məlumdur ki, Milli Məclis bir sıra beynəlxalq təşkilatlarda təmsil olunur, eləcə də bir çox ölkələrin parlamentləri ilə dostluq qrupları fəaliyyət göstərir. Əlbəttə, parlament çox mühüm hakimiyyət qoludur və onun işində beynəlxalq fəaliyyət xüsusi yer tutur. Parlamentarilər beynəlxalq miqyasda Azərbaycan həqiqətlərinin təbliği istiqamətində öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar. Bir sıra ölkələrin parlamentləri ilə sıx əlaqələr qurulub ki, bu, dövlətlərarası münasibətlərdə əhəmiyyətli rol oynayır. Buraya qanunvericilik sahəsində əməkdaşlığı, təcrübə mübadilələrini də əlavə etsək, onda Azərbaycan parlamentinin, ümumilikdə, ölkəmizin beynəlxalq fəaliyyətində nə qədər vacib rol oynadığını görə bilərik".