FETÖ Fətullah Gülənin ölümündən sonra ciddi güc itkisi yaşayacaq- ÖZƏL
24 Oktyabr 2024 18:00 Siyasət"FETÖ təşkilatının son illərdəki fəaliyyətinə nəzər saldıqda görünür ki, təşkilat siyasi gücünü əvvəlki qədər qoruyub saxlaya bilməmişdi. Ola bilər ki, dini baxımdan müəyyən bir kütlə var ki, onlar hələ də Fətullah Gülənin izindən, FETÖ təşkilatının arxasınca gedirdi və burada inanc baxımından hansısa istək, gözləntiləri var idi. Amma Fətullah Gülənin ölümündən sonra gözləmək mümkündür ki, təşkilat daxilində az-çox qalan o güc də dağılmağa davam edəcək".
Bu fikirləri siyasi şərhçi Həşim Səhrablı Olaylar.az-a açıqlamasında bildirib:
"Çünki bu cür təşkilatlarda lider məsələsi çox önəmli məsələdir. Fətullah Gülən FETÖ-nün qurucusu idi və onun özünün şəxsi keyfiyyətləri və insanları manipulyasiya etmə bacarıqları sayəsində çox sayda adam toplamışdır. Xüsusilə çevriliş cəhdində uğursuz olduqdan sonra siyasi baxımdan əllərində olan bütün gücün dağılması, Türkiyə dövləti tərəfindən bütün gücün onlardan alınması və təşkilatın əsas aparıcı qüvvəsinin həbs edilməsi, qaçmağı bacaranların isə gizlənməsi fonunda təşkilat onsuz da hər hansı ciddi bir addımlarla yadda qala bilmirdi. Yaxud Türkiyə cəmiyyətində artıq ciddi təsirlərini qoruyub saxlaya bilməmişdi. Hər halda FETÖ daxilində olan qüvvələr fikirləşəcəklər ki, məqsədlərimizi Fətullahın sağlığında həyata keçirə bilməmişiksə, indi necə edəcəyik? Bu baxımdan dağılma prosesi başlayacaq. Həm yeni liderin kim olması məsələsində fikir ayrılıqları olacaq, güclü olan tərəf rəhbər mövqedə olacaq. Qrup təfəkkürü ilə davam edən cahil kütlə olacaq ki, onlar yenə də öz inancları və yaxud da digər maddi, mənəvi gözləntiləri ucbatından təşkilatın təsirində qalmağa davam edəcəklər. Bu nə 2016-dan əvvəlki, nə də Fətullahın ölümünə qədərki gücə çata bilməz. Artıq FETÖ deyilən yapılanma, xüsusilə Fətullah Gülənin ölümündən sonra ciddi bir güc itkisi yaşayacaq və zamanla tamamilə məhv olma mərhələsinə də daxil olacaq deyə bilərik".
Zeynəb Rzayeva