Türkiyədəki terror aktı hansı məqsədi daşıyır?- ÖZƏL
24 Oktyabr 2024 16:59 Siyasət"Türkiyə uzun illərdir terrorizmdən əziyyət çəkən dövlət kimi bu problemin həlli istiqamətində ciddi səylər göstərsə də, millət ayrı-seçkiliyi məsələsinin sabotaj edilməsi fonunda sabitliyin tərəfdarı olmayan güclər əlaltıları vasitəsilə prosesi müxtəlif yollarla pozmağa nail olublar".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elmir Səftərov deyib:
"Oktyabrın 23-də Türkiyənin TUSAŞ müdafiə sənayesi zavoduna hücum yenidən başladılan həll prosesinə zərbə vurmaq planının bir hissəsidir. Çünki Türkiyədə son günlər yeni bir həll prosesinin mümkünlüyü kimi mövzular ictimai gündəmdə ciddi şəkildə müzakirə edilir.
Türkiyənin siyasi dinamikasında ciddi dəyişikliklərə səbəb olan prosesin əsas elementləri arasında tərksilah, demokratik islahatlar və kürd kimliyi üçün hüquqların genişləndirilməsi olub. Danışıqlarda PKK lideri Abdullah Öcalan əsas rol oynayaraq, bir neçə dəfə məktubla müraciət etsə də, kənar müdaxilələrə görə bu problem həllini tapmadı.
Ümumilikdə isə 1999-2004, 2013-2015-ci illərdə atəşkəs olsa da, sonradan münaqişələr daha da şiddətləndi. Yeni terror aktlarının baş verməsi, qeyri-səmimi və pozucu addımlar danışıqlar prosesinin pozulmasına səbəb oldu. 1984-cü ildə başlayan qarşıdurmalar isə ölkə daxilində ayrıcı xətləri artırdı, Türkiyədəki siyasi ab-havaya mənfi təsir etdi, minlərlə insanın ölümünə səbəb oldu və ölkəyə ciddi iqtisadi ziyanlar vurdu.
İraq və Suriyadakı qeyri-sabitlik nəticəsində bu ölkələrin inzibati səlahiyyətlərinin olmaması səbəbindən terror təşkilatları və onların havadarları bu vəziyyətdən sui-istifadə edərək, bölgədə qanunsuz struktur yaratmağa çalışırdılar, eyni zamanda, Türkiyəyə qarşı davamlı terror hücumları baş verirdi. Buna görə də 2016-cı ildən terrorizmlə mübarizədə hərtərəfli konsepsiyaya dəyişiklik edildi və çoxşaxəli təhlükəsizlik yanaşması həyata keçirilməyə başlandı. Türkiyənin Yaxın Şərqdə mövqelərini güclədirməsinin qarşısını almaq üçün terror kartından istifadə edən imperialist güclər, terror təşkilatlarını hərtərəfli şəkildə himayə edib, öz məqsədləri üçün istifadə edib və ölkədə sabitliyin olmaması üçün uzunmüddətli planlar qurublar. Ona görə də həll prosesinin başlanması ərəfəsində bu cür terror aktının baş verməsi Türkiyədəki sabitliyə, birliyə zərbə vurmaq məqsədi daşıyır".
Qiymət Mahir