Ermənistan Avropa Birliyi müşahidəçilərini evlərinə göndərməlidir - ÖZƏL
24 Oktyabr 2024 14:55 Siyasət"Avropa Birliyi müşahidəçilərinin aktivləşməsi və ya passivləşməsi əslinə qalanda heç nəyi dəyişmir".
Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Onlar orada hətta öz üzərlərinə qoyulan vəzifəni də icra etmirlər. Təbliğat maşınının çirkin vintləri, hətta deyərdim şaybaları kimi hərəkət edirlər. Çünki onların nə silahı var, nə sursatı, nə də qeyri-adi bir təchizatı var. Sadəcə orada gəzişirlər, binoklla Azərbaycana baxırlar, sərhədi, bizim ərazilərimizi müşahidə edirlər ki, bu da qanunsuzdur. Yəni xarici vətəndaşların gəlib bir ölkənin ərazisindən başqa ölkənin ərazisini icazəsiz müşahidə etməsi qanunsuz əməldir. Və əlbəttə ki, bunların edə biləcəyi başqa bir şey də əslində yoxdur. Sadəcə olaraq ortalığı qarışdırırlar, könül bulandırırlar. Amma Azərbaycan bundan o qədər də narahat deyil. Biz sadəcə olaraq o faktları toplayırıq. Avropa Birliyinin də, başqa beynəlxalq qurumların, dövlətlərarası təşkilatların da qarşısına qoyuruq ki, siz busunuz. Yəni siz bunu edirsiniz. Siz yaxınlaşmaqda olan, dil tapmaqda olan Ermənistanla Azərbaycanın arasını davamlı və daimi vurmaq üçün gəlib burada kirli burnunuzu gərəksiz yerə işin içinə soxursunuz. Yəni onların işi bundan ibarətdir. Ona görə də mən düşünürəm ki, biz yox, Ermənistan tərəfi artıq Avropa Birliyi müşahidəçilərini evlərinə göndərməlidir. Yəni onlara zərurət yoxdur. Azərbaycan dəfələrlə bəyan edib, açıq şəkildə də deyir ki, bizim Ermənistana hücum etmək kimi bir niyyətimiz yoxdur. Eləcə də ümumiyyətlə, Ermənistanla davamlı və əbədi düşmənçilik etmək fikrimiz də yoxdur. Yəni biz münasibətlərin normallaşmasında maraqlıyıq. Ona görə də üçüncü tərəflər aradan çıxmalıdır. O cümlədən də Avropa Birliyinin bu gərəksiz müşahidəçiləri. Onları isə Ermənistan özü mümkün qədər tez oradan göndərməlidir. Necə ki, Azərbaycan Rusiya sülhməramlılarını müddət başa çatmamış ölkəmizin ərazisindən yola saldı və bununla da Ermənistanla münasibətlərə üçüncü tərəfin müdaxiləsinin qarşısını xeyli almış oldu, Ermənistan da bənzər addım atmalıdır, dırnaqarası müşahidəçiləri evlərinə göndərməlidir".