Dünyada yeni bir qütb formalaşır ÖZƏL

"Çox təəssüflər olsun ki, Qərb koalisiyasının yanlış siyasəti üzündən dünyada yeni bir qütb formalaşmaqdadır. Əvvəl o qədər də ciddiyə alınmırdı. Amma indi görünür ki, bu getdikcə daha da genişlənir və öz ətrafına daha çox sayda dövlətləri cəlb edə bilir. Yəni söhbət BRİKS-dən gedir". 


Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

"BRİKS nəyin nəticəsində ortaya çıxdı? Əlbəttə ki, Qərbin hegemonluq diktə siyasətinin nəticəsində. Yəni Qərb, özəlliklə də Amerika Birləşmiş Ştatları və Avropa Birliyinin şəxsində Şərqə, özəlliklə də yeni demokratiyalara, o cümlədən də Azərbaycan kimi dövlətlərə öz iradəsini zorla yeritməyə çalışdı və təbiidir ki, biz də o zorun qarşısında duruş gətirmək məcburiyyətində qaldıq. Özümüz toparlandıq, səfərbər olunduq, dostlarımızla, yaxın qonşularımızla, ümumiyyətlə bizimlə eyni masa arxasında oturub, eyni mövqedən çıxış edən dövlətlərlə birlikdə hərəkətə keçdik və özümüzü qoruduq. Amma bu qoruma əlbəttə ki, əbədi ola bilməz. Çünki Azərbaycan  balaca bir dövlətdir və onun o qlobal güclərin qarşısında duruş gətirə bilməsi elə də asan məsələ deyil. Məsələn, Amerika Birləşmiş Ştatları, yaxud Avropa Birliyi, onun ayrı-ayrı dövlətləri qarşısında bizim uzunmüddətli duruş gətirməyimiz asan  deyil. Ona görə də Azərbaycan alternativlər axtarmalı idi və bu alternativ də BRİKS-in şəxsində özünü göstərməyə başlayıb. Yəni Azərbaycan Qərbin davamlı basqılarından qurtulmaq, öz müstəqil siyasətini davam etdirə bilmək üçün alternativ tərəfdaşa üz tutmaq məcburiyyətindədir. Söhbət ondan gedir. Əlbəttə ki, bizim bir nömrəli alternativimiz Türk Dövlətləri Təşkilatıdır. Amma nəzərə almalıyıq ki, Türk Dövlətləri Təşkilatı hələ yetərincə möhkəm bir qurum deyil, kövrəkdir, hələ onun tam formalaşıb, real gücə çevrilməsi üçün müəyyən müddət lazımdır. O baxımdan Azərbaycan üçüncü alternativlərə baş vurmalı oldu. Onlardan biri, təbiidir ki, Qoşulmama Hərəkatı idi ki, Azərbaycan orada çox uğurlu bir yol keçməkdədir, özəlliklə də özünün rəhbərliyi dövründə. İndi də BRİKS-lə Azərbaycanın yaxınlaşması məhz ordan qaynaqlanır. Yəni Qərbə göstərilir ki, üzərimizə gəlirsinizsə, biz də özümüzü müdafiə etmək üçün alternativlərin imkanlarından istifadə edəcəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31