Gürcüstanda baş tutacaq parlament seçkilərinə diqqət böyükdür - ÖZƏL
24 Oktyabr 2024 14:51 Siyasət"Gürcüstanda baş tutacaq parlament seçkilərinə hazırda həm Qərbin, həm də Rusiyanın diqqəti, həmçinin də Cənubi Qafqaz ölkələrinin diqqəti böyükdür. Çünki faktiki olaraq bu seçkilər yaxın perspektivdə regionun necə formalaşacağı və Qərb-Rusiya qarşıdurmasının hansı kontekstdə cərəyan edəcəyinin real göstəricisidir".

Bunu Olaylar.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.
"Faktiki olaraq Gürcüstan hakimiyyəti, yəni mövcud "Gürcü Arzusu" Partiyası Qərbdən ciddi şəkildə narahatdır və bu narahatlığını da əslində həm xarici agentlər haqqında qanun, həm də LGBT ilə bağlı qanunla göstəriblər.
Faktiki olaraq Qərb Gürcüstana verdiyi sözləri tutmayıb. Söhbət Avropa İttifaqı və NATO-ya üzvlüyü ilə bağlı məsələlərdir. Yəni paraleldə də Gürcüstan baxır ki, Ukrayna Rusiya qarşısında tək buraxılır. Düzdür, hərbi-iqtisadi dəstək var. Amma bu, Rusiyanı məğlub etmək üçün kifayət deyil və Rusiya ilə bu tərzdə mübarizə aparmaq da daha effekt vermir. Gürcüstan özü də başa düşür ki, 2008-dən bu günə qədər faktiki olaraq Qərb və Amerika bu ölkəni istifadə edib və Abxaziya, Osetiya münaqişələri də həll edilmədiyi kimi günü-gündən də proses pisə doğru gedir. Belə olan təqdirdə hakim "Gürcü Arzusu" Partiyası artıq xarici siyasət konsepsiyasını dəyişmək üzrədir və deyə bilərəm ki, Qərblə artıq arasında məsafə qoyub, Rusiya ilə münasibətləri istiləşdirməyə doğru gedir. Yəni birmənalı Qərbdən imtina edilib, Rusiyaya üz tutmaq deyə bir şey yoxdur. Amma Gürcüstan daha çox Azərbaycanın tətbiq etdiyi balans siyasəti və yaxud da buna bənzər tərzdə bir siyasi xətt tutur.
O ki qaldı Qərbin Gürcüstana qarışmaq niyyətinə, şübhəsiz ki, Qərb illərdir Gürcüstan daxilində insan haqları təşkilatları, QHT-lər, siyasi partiyaları maliyyələşdirir və paralel olaraq da bu gün Qərb və Amerika agentura şəbəkəsi Gürcüstanda kifayət qədər güclüdür və təbii olaraq da mövcud vəziyyətin onların əleyhinə dəyişməməsi üçün belə addımlar atacaqlar. Seçki öncəsi artıq ayaqlanmalar başlayıb, etiraz səsləri yüksəlir. Böyük ehtimalla seçkini "Gürcü Arzusu" Partiyası qazanacaq və Qərb bundan sonra daha da aqressivləşə bilər və proseslər qızışa bilər. Yəni bu, gözləniləndir və mümkündür".