Azərbaycanın qələbəsi ilə işğaldan azad edilmiş ərazilərimiz dirçəlmək şansı qazandı- ÖZƏL

"Rəsmi İrəvanın qanunsuz məskunlaşma siyasəti Qubadlıdan da yan keçməmişdir. Xaricdən gətirilən ermənilər burada qanunsuz yollarla yerləşdirilmişdilər. Cenevrə Konvensiyalarına görə, işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan dövlət cinayət törətmiş olur. Xaricdən gələn ermənilər üçün xaricdə yaşayan ermənilərin pulu ilə Xanlıq kəndində qəsəbə salınmışdı. Ancaq 2020-ci ildə Azərbaycanın möhtəşəm Qələbəsi ilə bu yerlər yenidən dirçəlmək şansı qazandı". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Məşhur Məmmədov deyib: "Qubadlı şəhərinin azad edilməsi Vətən müharibəsi zamanı baş verən ən mühüm hərbi əməliyyatlardan biridir. Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Azərbaycanın Silahlı Qüvvələrinin qətiyyətli və peşəkar hərbi planlarının həyata keçirilməsi nəticəsində uğurla başa çatdı. Qubadlı uğrunda döyüşlər Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda atılan uğurlu addımlardan biri kimi dəyərləndirilir. Qubadlı şəhəri işğaldan azad edildikdən dərhal sonra sürətli bərpa və yenidənqurma işlərinə başlanılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir, Qubadlı da bu inkişafdan geri qalmır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31