Türkiyəni dayandırmaq üçün terroru son fürsət olaraq görürlər- ÖZƏL
24 Oktyabr 2024 13:18 Siyasət"Uzun illər ərzində bütün imkanları ilə Türkiyənin güclənməsinə qarşı addımlar atan, silah embarqoları və digər sanksiyalar tətbiq edən güclər nə qədər çalışsalar da istədiklərinə nail ola bilmədilər. Türkiyə öz imkanları ilə, daxili istehsal hesabına hərbi sənayesini inkişaf etdirməyi və silah və hərbi texnika ixracatçısı olan ölkəyə çevrilməyi bacardı. Hal-hazırda Türkiyənin müdafiə sənayesi məhsullarının dünyanın 80-dən artıq ölkəsinə ixrac edildiyi məlumdur. Təsadüfi deyil ki, bu gün dünyanın 100 ən böyük müdafiə sənayesi şirkəti arasında 5 Türkiyə şirkəti var. Məhz elə bu inkişafın nəticəsidir ki, Türkiyə ABŞ-dən ən çox silah alan 7-ci ölkədən 27-ci ölkəyə çevrilib".
.jpg)
Bu fikirləri politoloq Yusif Bağırzadə Olaylar.az-a açıqlamasında bildirib:
"Buna səbəb isə təkcə dövlətlər arasında gərginlik deyil, həm də Türkiyənin yerli sənayesini inkişaf etdirməsidir.
Türkiyənin silah asılılığını azaltması və müdafiə sənayesində inkişafı isə təbii olaraq qardaş ölkənin terrora qarşı daha efektli mübarizəsinə də imkan verdi. Odur ki, həm terror qrupları, həm də bu qrupların arxasında dayanan güclər Türkiyəni dayandıra bilmək üçün terroru son fürsət olaraq görürlər. Onlar bu terror aktı ilə Türkiyənin qarşısını ala bilmək üçün ən alçaq addımlara belə gedə biləcəklərini nümayiş etdirmiş oldular.
Başqa sözlə desək açıq-aşkar görünən budur ki, qanlı olayların arxasında Türkiyəni zəiflətməyə, gücdən salmağa yönəlmiş güclər dayanır. Bu güclərin qardaş ölkənin regionda, eləcə də beynəlxalq aləmdə artan nüfuzundan, güclü ordu və texnikaya malik olmasından olduqca narahatlıq keçirdikləri ortadadır. Amma onların nə addımlar atmasından asılı olmayaraq bu gün heç bir qüvvənin Türkiyəni çəkindirə və öz yolundan döndərə bilməyəcəyi dəqiqdir".
Zeynəb Rzayeva