Gürcüstanda seçkilərin nəticələrini gürcü xalqının iradəsi müəyyən edəcək- ÖZƏL
24 Oktyabr 2024 10:30 Siyasət"Gürcüstanda seçkilərin nəticələrini gürcü xalqının iradəsi müəyyən edəcək. Xalq orada özünə yeni hökumət seçəcək".
.jpg)
Olaylar.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Əli Mustafa deyib:
"İndi hakimiyyətdə olan "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının Azərbaycanla münasibətləri normaldır, bu doğrudur. Onu da qeyd edək ki, bu partiyanı bəzən "Gürcü Arzusu" deyil, "Rus Arzusu" da adlandırırlar. Yəni bu, Rusiyaya bağlı bir qüvvə kimi xarakterizə olunur. Əslində Rusiyanın Azərbaycana təsirlərinin və təzyiqlərinin davamlı olmasına uzun müddət kömək edən şərtlərdən biri də olub".
Siyasi ekspert qeyd edir ki, Gürcüstanda Rusiya yönümlü hakimiyyətin olması Azərbaycanda Rusiyanın təsirlərini davamlı edir:
"Bu baxımdan ola bilsin ki, əksinə, müxalif qüvvələrin Gürcüstanda hakimiyyətə gəlməsi Rusiyanın Cənubi Qafqazda mövqeyinin zəifləməsinə və Azərbaycana da təsirlərinin azalmasına gətirib çıxara bilər. Bəlkə də Azərbaycan üçün bu daha xeyirli variantdır. O ki qaldı dövlət başçılarının münasibətlərinə, əlbəttə, Gürcüstan bu gün əhəmiyyətli dərəcədə Azərbaycandan asılıdır. Gürcüstan əslində tranzit ölkədir. Onun büdcə gəlirlərinin böyük bir hissəsi yalnız bu gəlirlərdən əldə olunur. Gürcüstanda kim hakimiyyət doğru olsun, Azərbaycanla dostluq, əməkdaşlıq etməyə məhkumdur. Əks təqdirdə öz dövlət büdcəsini belə təmin edə bilməz. Həm Gürcüstan, həm də Ermənistan sovet dönəmində də davamlı olaraq dotasiyada olan ölkələr olub. Yalnız Azərbaycan öz ehtiyaclarını ödəyib və rifah dövləti ola bilər. Təəssüf ki, Rusiya buna demək olar ki, hələ də əngəl olmaqda davam edir. Ona görə, hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Gürcüstanda hakimiyyətdə olan hökumət Azərbaycanla dost olmağa, əməkdaşlıq etməyə məhkumdur. Digər tərəfdən onu da qeyd edim ki, əslində indiki müxalifət partiyalarının böyük əksəriyyəti vaxtilə Mixail Saakaşvilinin yanında olan, onunla bir komandada olan insanlardır. Saakaşvilinin də Azərbaycan dövlətinə münasibəti həmişə müsbət olub. Məncə, burda bir az Rusiya narrativləri də var. Sanki Azərbaycanı qorxutmağa çalışırlar ki, müxalifət gəlsə, pis olar, indiki daha yaxşıdır.
Əlbəttə, indiki Gürcüstan hökumətinin şansları az deyil. Yəqin ki, seçkilərin nəticəsində birinci yerə indiki "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası çıxacaq. Ola bilsin ki, onlar hökumət qurmaqda çətinlik çəksinlər və müxalifətlə anlaşmağa məcbur olsunlar. Hər halda seçkilərə çox qalmayıb. Bu seçkilərdə başqa ssenarilər də mümkündür: qarşıdurma, böyük münaqişə, vətəndaş qarşıdurması və s. perspektivlər də ola bilər., Bu, Azərbaycan üçün təbii ki, müəyyən risklər vəd edir".