Türkiyəni öz yolundan döndərmək mümkün deyil

Türk Aerokosmik Sənayesi, TUSAŞ (Türk Havacılık ve Uzay Sanayii) terror hücumuna məruz qalıb. Nüfuzlu "politico.eu" saytı Türkiyənin daxili işlər naziri Ali Yerlikayaya istinadən bildirib ki, şəhidlər və yaralılar var...

Sayt həmin xəbəri belə bir başlıqla təqdim edib: "Deadly 'terrorist attack' strikes key defense company in Turkey" (Ölümcül "terror hücumu" Türkiyədə əsas müdafiə şirkətini hədəf alıb).

1973-cü ildə təsis edilmiş Türkiyə şirkətində 17 min insan çalışır. Rəsmi statistikaya görə, 2019-u ildə TUSAŞ-ın xalis gəliri 2.26 milyard dollar olub. Böyük ehtimalla demək olar ki, indi söhbət 4-5 milyarddan gedir.

Əminliklə demək olar ki, TUSAŞ inqilabi nailiyyətlərlə müşahidə olunan Türkiyə hərbi sənayesinin bel sütundur. KAAN-dan tutmuş HÜRKUŞ, HÜRJET-ə kimi ən müasir uçaqlar, dronlar orada istehsal olunur...

Və belə bir strateji önəmə sahib olan bir mərkəzə hücumun arxasında böyük güclər dayanıb.

Türkiyənin daxili işlər naziri olmuş Süleyman Soylunun 2023-cü ilin aprelindəki çıxışı yadınızdadırmı?: "Amerika uzun müddətdir terror dövləti yaratmağa çalışır. 40 ildən artıqdır ki, Türkiyə bununla mübarizə aparır". Yəni PKK-nın arxasında Türkiyəyə düşmən olan Amerika dayanıb.

Daha öncə də, məsələn, 2017-ci ilin yanvarında Türkiyənin baş naziri Binəli Yıldırım belə demişdi: "Amerika Birləşmiş Ştatları terrorçulara görə Ankara ilə strateji əməkdaşlığını riskə atmamalıdır. ABŞ Türkiyə ilə strateji əməkdaşlığın terror təşkilatı tərəfindən arxa plana keçirilməsinə imkan verməməlidir". O vaxt ABŞ PKK-ya bağlı Suriya kürd terrorçu dəstələrinə maşın karvanı ilə silah-sursat göndərirdi...

2022-ci ilin noyabrında isə Türkiyə iqtidarı daha kəskin danışdı: "ABŞ-ın İstanbuldakı terror aktı ilə bağlı başsağlığı mesajı Türkiyə hakimiyyəti tərəfindən partlayışın təşkilində iştirakına işarə kimi qəbul edilib. Süleyman Soylu ABŞ-ı günahlandırıb və deyib ki, Ağ Evdən gələn başsağlığı mesajı qatilin cinayət yerində görünməsinə bənzəyir...

Amerika isə bu kimi ittihamları qulaqardına vurdu. Guya ki, söhbətin nədən getdiyini başa düşmədi...

Bu gün Tayyib Ərdoğan Kazanda Vladimir Putinlə görüşüb. Türkiyə BRİKS-ə qoşulmaq istəyir. Elə Azərbaycan da.

Bu tərəfdən də Türkiyə yenidən "kürd açılımı"na start verib...

Belə şeylər isə Amerika başda olmaqla Qərbin ürəyincə deyil. Ancaq terrorla Türkiyəni öz yolundan döndərmək olmaz. Yaxın 3-5 ildə Türkiyə ciddi şəkildə stabil inkişaf mərhələsinə qədəm qoyacaq...

Bəli, İndi Türkiyədə problem çoxdur. Bu problemlərin də əksəriyyətini Qərb süni şəkildə yaradıb, Məqsəd Türkiyəni ram etməkdir. Ancaq Türkiyə məqsədli şəkildə öz yolu ilə gedir...

Bu gün Tayyib Ərdoğanın xalq arasında reytinqi son dərəcə aşağıdır. Obrazlı desək, onun reytinqi yerlə sürünür. Ancaq o, Türkiyə üçün böyük işlər görüb. Görülmüş işlərin nəticəsi tezliklə ortada olacaq...

Düşünün ki, Amerikanı bir tərəfə qoyaq, təkcə Elon Musk-ın varidatı Türkiyə dövlətininkindən çoxdur. Niyə belədir? Çünki Elon Musk, varı, dövləti super-müasir texnologiya üzərindən qazanır. Tayyib Ərdoğan Türkiyəni bax elə həmin yola gətirib çıxardı. Bir KAAN-ın qiyməti 100-130 milyon dollar arasında olacaq. Artıq beşinci nəsil pilotsuz uçağın kütləvi istehsalına start verilib. Türkiyədə onlarla bu kimi real işlər ya tamamlanıb, ya da tamamlanmaq üzrədir...

Dözmürlər, Türkiyəni durdurmağa çalışırlar. Amma bu kimi terror olayları ilə Türkiyəni öz yolundan döndərmək mümkün deyil. O zamanlar çoxdan arxada qalıb...

Elbəyi Həsənli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31