ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi daim dövlətimiz tərəfindən bildirilib- ÖZƏL
7 Oktyabr 2024 15:38 Siyasət"Hazırda tarixə qovuşan Qarabağ probleminin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi daim dövlətimiz tərəfindən bildirilib"
"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Malik Həsənov deyib: "Cənab İlham Əliyev çıxışında "Minsk qrupu nə ilə məşğul idi - ancaq bu işləri malalamaqla, erməni işğalına müəyyən dərəcədə bəraət qazandırmaqla və bizi alçaldıcı sülhə təhrik etməklə. Minsk qrupunun fəaliyyəti bundan ibarət idi", - fikirləri ilə qurumun 28 illik fəaliyyətinin aydın mənzərəsini təqdim etdi. Azərbaycan ən yüksək tribunalardan ikili standartlara son qoyulmasına, beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqi üçün vahid mexanizmin müəyyənləşdirilməsinə çağırışlar edir. Tarixi Zəfərimiz, onun ardınca suverenliyimizin tam bərpa edilməsi bir daha sübut etdi ki, ədalət var, bunun bərpasına nail olmaq üçün səylər göstərmək, qətiyyətli addımlar atmaq lazımdır. Bu reallıq cənab İlham Əliyevin Bakıda Aşıq Ələsgərin abidəsinin açılışındakı çıxışında da xüsusi qeyd edilir ki, Qarabağın işğalı dövründə bəzi hallarda hər birimiz məyusluq və inamsızlıq hissləri yaşamışıq. Hər birimizin qəlbini incidən bu ədalətsizlik bizə sanki əbədi olacaq kimi gəlirdi. Amma o fikirləri özümüzdən hər zaman uzaqlaşdırırdıq, inamla yaşayırdıq və onu da bilirdik ki, ədaləti bərpa etmək bizim öz işimiz olmalıdır. Heç kim bizim əvəzimizə bu ədaləti bərpa etməyəcək, heç kimin belə niyyəti də, istəyi də olmamışdır. Həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı və ondan sonrakı dövr göstərdi ki, güclü iradə, xalq-iqtidar birliyi, xalqımızın əyilməz ruhu olan yerdə heç bir qüvvə, heç bir təşkilat bu iradənin qabağında dura bilməz".