“Tarixi Qərbi Azərbaycan torpaqlarımıza qayıtmalıyıq”- ÖZƏL
7 Oktyabr 2024 13:21 Siyasət"Qərbi Azərbaycana qayıtmağımız hər şeydən əvvəl tarixi yaddaşımıza əsaslanır. Doğurdan da, milli yaddaşın əsas komponenti olan tarixi yaddaşımız, onun düzgün əsaslarda yeni nəslə ötürülməsi Birinci Qarabağ savaşından sonra dünyaya gələn qəhrəmanlarımızın torpaqlarımızı işğaldan azad etməsinə gətirib çıxardı". "Olaylar" xəbər verir ki, bunu YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev deyib: "Bu gün işğaldan azad edilmiş ərazilərimizə o torpaqlarımızı görməmiş yeni nəslin qayıdışını da təmin edən məhz tarixi yaddaşdır. Ona görə də, əgər illər əvvəl məcburi köçkünlərimizin öz torpaqlarına qayıtmaları ilə bağlı ümummilli arzularımız necə bu gün reallığa çevrildisə, çox çəkmədən İrəvana, Göyçəyə, Zəngəzura qayıtmaqla bağlı arzularımız da gerçəkləşəcək. Bunun üçün bütün dünyaya tarixi vətənimizlə bağlı həqiqətləri çatdırmağı bacarmalıyıq. Orada əcdadlarımızın yaratdığı maddi-mədəni irsi ermənilərin barbarcasına necə dağıtdıqlarını, beynəlxalq hüquq baxımından bizə aid olan torpaqlarda necə yaşamaq hüququmuzun olduğunu bütün dünyaya çatdırmalı və o torpaqlara qayıtmağımız üçün hüquqi-informativ mühit formalaşdırmalıyıq. 44 günlük İkinci Qarabağ müharibəsində, bir günlük antiterror tədbirlərində monolit birliyimiz ilə milli hədəflərimizə çatdığımız kimi, bundan sonra da bu birliyi davam etdirərək tarixi Qərbi Azərbaycan torpaqlarımıza qayıtmalıyıq".