Bütün dünyanın gözü qarşısında biz görürük və göstəririk ki, torpaqların əsl sahibi bizik - ÖZƏL

"Son iki gündə prezident İlham Əliyevin Qarabağ iqtisadi rayonu və Şərqi Zəngəzura səfəri olduqca zəngin oldu". 

Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Proqram çərçivəsində cənab Prezident açılışlar etdi, təməllər atdı, gedən quruculuq işləri ilə tanış oldu, təklif və tövsiyələrini verdi, yerli əhalinin bir qrupu ilə görüşdü. Yeni və olduqca zəngin bir proqramdır və açığını deyim ki, şəxsən məni sevindirən bir proqram oldu. Çünki o qədər tədbirlər görülür, o qədər işlər görülür ki, istər-istəməz hər bir azərbaycanlı buna sevinir. Ona görə ki, o torpaqlar düz dörd il öncə bizim üçün əlçatmaz idi. Oralarda daş daş üstündə qalmamışdı, altı üstünə çevrilmişdi. İşğalçı Ermənistan sadəcə olaraq o torpaqların həqiqətən də məhv edilməsi məqsədini həyata keçirmişdi və buna nail də olmuşdu və dünyada müəyyən mərkəzlər düşünürdü ki, Azərbaycan heç vaxt belini dikəldə bilməyəcək, otorpaqları dirçəldə bilməyəcək. Amma biz onu müşahidə edirik ki, həmin torpaqlar çox sürətlə dirçəldilir. İstər kənd təsərrüfatı baxımından, istər şəhərsalma baxımından, istər məskunlaşma baxımından, yeni texnologiyaların tətbiqi baxımından, sənayenin orada dirçəldilməsi baxımından və s. bütün bu sahələrdə çox sürətli işlər gedir və cənab Prezident də məhz bu son iki gündə, yəni istər bu gün, istər dünənki səfərində açılışlar etdi təməllər atdı, görülən işlərlə tanış oldu və bütün dünyanın gözü qarşısında biz görürük və göstəririk ki, torpaqların əsl sahibi bizik və ona görə də belə qısa müddətdə bu qədər fantastik işləri görməyi bacarırıq. Sevindirici bir şeydir. Üstəlik də bu gün Cəbrayılın işğaldan azad olunması günüdür, Cəbrayıl şəhəri günüdür və təbiidir ki, belə bir əlamətdar günü bu qədər zəngin bir proqramla taclandırmağın özünün də başqa bir üstün mənası var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31