Prezidentin fikirləri hər bir azərbaycanlının qarşısında vacib vəzifələr qoyur

"Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında millətimizin yalnız özünə güvənməsi, daxili enerjisini düzgün hədəfə yönəltməsi nəticəsində torpaqlarımızı işğaldan azad edərək qazandığı qələbə təkcə Ermənistan, ermənipərəst qüvvələr deyil, özlərini böyük hesab edən bəzi dövlətlər üzərində də olduğundan onlar bunu həzm edə bilməyib qisas almağa çalışırlar. Qisasın yollarından biri tək bayraq, tək vətən, tək millət, tək dövlət ruhu ilə birləşib torpaqları azad edən Azərbaycan cəmiyyətini parçalamaq və yalançı vədlərlə gənclərin beyinlərini yuyub kosmoplit kütləyə çevirərək daxili müqavimət gücünü zəiflətməkdir". "Olayar" xəbər verir ki, bunu Milli Məclisin deputatı, MM sədrinin müavini Musa Qasımlı deyib: "Ölkəmizdə senzuranın olmadığı, internetin azad istifadə edildiyi bir şəraitdə bütün vasitələr bu məqsədlə işə salınıb. Anti-Azərbaycan qüvvələrə qarşı dayanmağın vacibliyindən danışan dövlət başçımız Cəbrayıldakı nitqində millətə daxili enerjisindən güc almağını və özünə güvənməyini aşağıdakı kimi tövsiyə etdi:
  "Ancaq biz öz gücümüzə arxalanmalıyıq və heç bir vədlərə, heç bir şirin sözlərə, yalançı ifadələrə aldanmamalıyıq. Xüsusilə mən gənc nəsli nəzərdə tuturam. Çünki bu gün anti-Azərbaycan qüvvələrin əsas hədəfi gənc nəsillərin şüurudur. Ona təsir etməyə çalışırlar. Ona görə Azərbaycana qarşı olmazın yalanlarını uydururlar, tirajlayırlar, öz mətbuatlarında, öz dırnaqarası qeyri-hökumət təşkilatlarında. Anti-Azərbaycan mövqeyində olan müxtəlif ünsürləri bu günə qədər də maliyyələşdirirlər Azərbaycanda, müxtəlif QHT-lər adı altında, hansısa ictimai qurumlar adı altında. Yəni, gənc nəslin şüuruna təsir etsələr, demək olar ki, Azərbaycanın gələcəyinə təsir edəcəklər, heç vaxt gənclər unutmasınlar."
      Cənab Prezidentin bu fikirləri müvafiq qurumların, bütövlükdə hər bir azərbaycanlının qarşısında həlli vacib olan bir sıra vəzifələr qoyur. İlk növbədə, məlumdur ki, hər hansı bir ölkəni daxildən zəiflətməkdən və müqavimət gücünü aşağı salmaqdan ötrü maraqlı dövlətlər bir qayda olaraq, özlərinin adət-ənənələrini, həyat tərzlərini, mədəniyyətlərini, ideologiyalarını sırıdaraq müvafiq milləti milli-mənəvi köklərindən ayırıb sarsıtmağa çalışırlar. Azərbaycan cəmiyyətinin təməlində ailə dəyərləri dayandığı üçün hədəfdə də məhz odur. Təəssüf olsun ki, minilliklərdən gələn ailə dəyərləri senzuranın olmadığı ölkəmizdə bəzi media orqanlarında sanki düşünülmüş şəkildə aşındırılır, bilərəkdən və ya bilməyərəkdən həmin qüvvələrin maraqlarına xidmət edir. Unudulmamalıdır ki, media qurumları azad və sərbəst fəaliyyət göstərsələr də Azərbaycan qanunları əsasında yaradılıblar və ona da riayət etməlidirlər. Media rəhbərinin məsuliyyəti başlıca yerdə dayanmalıdır.
     İkincisi, təhsil - məktəbəqədər, ümumi, tam orta, kollec, universitet təhsili sahəsində boşluqların aradan qaldırılması zəruridir. Təhsil müəssisələri, universitetlər və tədqiqat institutları siyasi diskussiya klubu yerləri olmamalıdır. İctmai fənlərə dair dərsliklər, xüsusən tarix dərslikləri quru statistika və xronologiyadan azad edilməli, konkret hədəfləri olan, vətən, millət, dövlət sevgisi aşılayan dərsliklər yazılmalıdır. Dərslik milli-dövlət məsələsidir.
Üçüncüsü, QHT-lərlə işin tamamilə yenidən qurulması vacibdir.  Onlara ayrılan qrantlarla bəzi QHT rəhbərlərinin Bakıdan özünün bir neçə adamını təyyarəyə mindirib xarici ölkəyə aparmasının, həmin ölkədəki səfirliyimizin bir neçə əməkdaşının iştirakı ilə toplantı keçirməsinin faydası nədir? Belə toplantılar hansı auditoriya üçündür? Əgər vətəndaşlarımız üçündürsə, onu xarici ölkədə keçirməyə lüzum yoxdur. Yox əgər xarici ölkə vətəndaşları üçündürsə deməli, toplantıda da onlar üstünlük təşkil etməlidirlər. Ayrılan vəsaiti ucuz şəxsi təbliğat vasitəsi kimi istifadə etməyin adı nədir?
Dördüncüsü, gənclər təşkilatlarına xüsusi diqqət verilməli, formallıqlar aradan qaldırılmalıdır. 
Nəhayət, ən vacib məsələlərdən biri xaricdə yaşayan azərbaycanlılarla iş məsələsi və diaspor fəaliyyətidir. Bakıdan təyyarə havaya qalxdıqdan sonra siyasi partiya mənsubiyyətinin və baxışlarının fərqlilindən asılı olmayaraq hamı tək vətənimiz olan Azərbaycanın maraqlarını qorumalı, yaşadıqları ölkənin müvafiq qurumlarının əlində vasitəyə çevrilməməlidirlər. İnsan vətəndaşlığını dəyişə bilər, amma qanı dəyişmək olmur. Xaricdə yaşayan bəzi azərbaycanlıların bir-biri ilə rəqabət aparması,  bir neçəsinin dövlətimizə və millətimizə qarşı təhqiramiz ifadələr işlətməsi utancvericidr. Dünyanın hər yerində göyün üzü mavi rəngdədir. Problemlər bəlli etik qaydalar çərçivəsində müzakirə olunmalı, çıxış yolları barədə müxtəlif fikilər mübadilə edilməli, cəmiyyəti birləşdirən, dövləti irəli aparan ideyalar deyilməli, əzələlər, yumruqlar toqquşmamalıdır.
     Azərbaycanın maraqlarını qorumaq millətimizin bu günkü və gələcək nəsillərinin milli qeyrət, milli heysiyyat məsələsidir. Çünki biz bu dünyada fani, millətimiz və dövlətimiz isə baqidir, əbədidir! Gəlin, milli-dövlət maraqlarını həmişə hər şeydən üstün tutaq!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31