Regionda yeni reallıqlar yaradan ölkəmizin qarşısına qoyduğu hədəflər-Elmir Səftərov- ÖZƏL
4 Oktyabr 12:30 Siyasət"2011-ci ildə İTAR-TASS agentliyi və "Rossiya 24" telekanalı üçün müsahibə verən Prezident İlham Əliyevin "Əgər imkan olsaydı, gələcəyə gedərdim. Fərz edək, 10 il qabağa. Planlarımın baş tutub-tutmadığına və nə dərəcədə alındığına, əgər alınmamışsa, bunun üçün nə etmək lazım gəldiyinə baxmaq istərdim" fikirləri dövlətimizin başçısının qarşıya qoyduğu hədəflərə çatdığını göstərir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elmir Səftərov deyib:
"Belə ki, 2011-ci ildən düz 9 il sonra Azərbaycan dövləti tarixi Qələbə əldə etdi, 12 il sonra isə dövlət suverenliyi bərpa olundu. Dünyadakı mürəkkəb siyasi düzən dövlətləri situativ deyil, düşünülmüş və gələcəyə hesablanmış qərarlar verməyə sövq edir. Buna görə də 10 il, hətta 20 il sonrakı addımlar artıq əvvəlcədən planlaşdırılır, ölçüb-biçilir. Ölkəmiz də müstəqillik əldə etdikdən sonra Ermənistanın işğalı ilə qarşılaşdı və 30 ilə yaxın müddətdə bunu aradan qaldırmaq üçün qarşıya vacib və həyati əhəmiyyətli hədəflər qoydu. Ordumuzun ən müasir hərbi-texnika ilə təchiz olunması, gənclərimizin dövlətçilik, vətənpərvərlik ruhunda tərbiyə edilməsi paralel olaraq aparıldı, ölkədə vacib iqtisadi layihələr həyata keçirildi, iqtisadi dayanıqlılığımız gücləndirildi, müxtəlif dövlətlərlə əməkdaşlıq dərinləşdirildi.
Həmçinin beynəlxalq təşkilatlar, xüsusilə BMT səviyyəsində vacib sənədlərin qəbul edilməsi də gələcək uğurlarımızı şərtləndirdi, ölkəmizə hüquqi müstəvidə addımlar atmağa imkan verdi. Bu səbəbdəndir ki, Azərbaycan xalqı Vətən müharibəsi adlanan savaşın bütün torpaqlarımız işğaldan azad olunmadan bitməsini istəmirdi. Bu cür yanaşma özlüyündə sarsılmaz iradənin, milli ruhun ən yüksək formada təcəssümü idi ki, ölsək belə, hədəflər reallaşdı. Eyni zamanda, Azərbaycanın müharibə ərzində beynəlxalq hüquqa əsasən müharibə aparması da siyasi təzyiq etmək niyyətində olan tərəflərin əl-qolunu bağladı. Nəhayət, 2020-ci ildə Zəfərlə başa çatan müharibə 2023-cü ildə uzun illərdir planlaşdırılan hədəflərə nail olunması ilə yadda qaldı. Regionda yeni reallıqlar yaradan ölkəmiz qarşısına hədəflər qoydu: Zəngəzur dəhlizinin açılması, Azərbaycanın Naxçıvanla birbaşa bağlanması. Müharibədən sonra bu istiqamətdə ciddi işlər görüldü, dəhlizin açılması üçün zəmin hazırlandı. Nə qədər mürəkkəb olsa da, Prezident İlham Əliyevin uzaqgörənliyi, praqmatik siyasəti sayəsində dəhlizin açılması reallığa çevriləcək və bu, zamanın tələbidir".
Qiymət Mahir