Cəbrayıl erməni vandalizmindən ən çox zərər görən rayondur- ÖZƏL
4 Oktyabr 11:32 Siyasət"Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən, 4 oktyabr Cəbrayıl Şəhəri Günü kimi müəyyən olunub".
"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Məşhur Məmmədov deyib: "Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. İşğal zamanı bu rayon 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi. İşğal nəticəsində rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib.
Rayon ərazisi sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngindir. Dəmir filizi, hətta neft yataqlarının olduğu da məlumdur. İşğaldan əvvəl əhali əsasən, üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul olurdu. Elmin, mədəniyyətin, maarifin inkişafı yüksək səviyyəyə çatmışdı.
Cəbrayıl erməni vandalizmindən ən çox zərər görən rayondur. Dağtumas kəndinin yaxınlığında yerləşən Divlər sarayı mağarası, Qalacıq kəndindəki Məscid təpəsi, Canqulu və Qumtəpə kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki Başıkəsik gümbəz, Sirik kəndindəki Qala, Diri dağındakı Qız qalası, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki Sultan Məcid hamamı, Şıxlar kəndindəki Dairəvi türbə, Xubyarlı kəndindəki Dairəvi 8 guşəli türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı məhv edilmiş və ya dağıntıya məruz qalmışdır.
2016-cı il Aprel döyüşləri qələbəyə aparan döyüş yolumuzda mayak rolunu oynadı. Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi də işğaldan azad edildi. Qələbənin davamı 4 il sonra 2020-ci il Vətən müharibəsi dövründə gəldi. Cəbrayıl rayonu ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 90 kənd işğaldan azad edildi".