Fransa üzdə özünü İrana qarşı kimi göstərsə də, arxada İran yönlü siyasət yürüdür - ÖZƏL
3 Oktyabr 2024 16:01 Siyasət"İran-İsrail gərginliyi əlbəttə ki, yalnız bizim bölgəmiz üçün deyil, bütövlükdə dünya üçün çox ciddi baş ağrısıdır və bu baş ağrısının bir an öncə sona çatdırılması vacibdir".

Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Amerika Birləşmiş Ştatları ümumiyyətlə İsrail məsələsində həmişə birtərəfli mövqe tutub. Yəni İsrailin yanında olub və olmağa da davam edir. Elə İranın İsraili vurması fonunda da Amerika Birləşmiş Ştatları əvvəlcədən bəyan etmişdi ki, biz bu məsələdə İsraili müdafiə edəcəyik. İranın iki gün öncə İsrailə yönəltdiyi raketlərin də böyük əksəriyyətinin vurulmasında məhz Amerika Birləşmiş Ştatları iştirak elədi. Yəni faktiki olaraq İranın göndərdiyi yüzlərlə raket hədəfə çatmadan havada məhv edildi və onların məhv edilməsində Amerika Birləşmiş Ştatları İsraillə bərabər iştirak elədi. Yəni bununla əməldə dünyaya və İrana göstərdilər ki, Amerika Birləşmiş Ştatları İsrail məsələsində güzəştə gedən deyil. Əgər İran İsraillə doğrudan da açıq müharibəyə girməyə qalxarsa, təbiidir ki, bu müharibə sadəcə İran-İsrail müharibəsi olmayacaq, bu həm də İran-Amerika Birləşmiş Ştatları müharibəsi olacaq. Belə bir müharibədə isə İranın qalib gəlmə şansı ümumiyyətlə mövzu deyil, müzakirə mövzusu deyil. Yəni İranın o potensialı yoxdur ki, Amerika Birləşmiş Ştatları kimi çox qüdrətli, super dövlətlə hərbi müstəvidə qarşı-qarşıya gəlsin. Avropa Birliyi isə bu məsələdə bir qədər məsafəli kimi görünür. yəni Amerika Birləşmiş Ştatları qədər müdaxilə etməməyə çalışır. Ola bilər gizli müəyyən işlər görülür. Məsələn, Fransa dövlətinin əslinə qalanda üzdə bir cür görünüb arxada başqa cür davrandığı haqqında məlumatlar var. Yəni Fransa üzdə özünü İrana qarşı kimi göstərsə də, arxada İran yönlü siyasət yürüdür və hətta gizli şəkildə İrana dəstək verdiyi haqqında məlumatlar var. Yəni başqa dövlətlərin də bu cür davranması istisna deyil. Yəni demək istədiyim odur ki, bu məsələdə bircə Amerika Birləşmiş Ştatları qəti mövqedən, anti-İran mövqedən çıxış edir və əməldə də bunu göstərir".