Prezidentin müraciəti Azərbaycanın iqlim dəyişmələri ilə bütün istiqamətlərdə inkişaf parametrləri arasında ciddi bir əlaqənin olduğuna söykənir - ÖZƏL

"Azərbaycan Prezidenti İlham Əliyevin "İqlim dəyişikliyi və insan hüquqları: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu" mövzusunda təşkil olunan Beynəlxalq Bakı Forumunun iştirakçılarına münasibəti Azərbaycanın qoyulmuş konkret məsələyə konseptual və sistemli baxışının daha bir ifadəsidir". 

Bunu Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

"Konkret olaraq onu demək lazımdır ki, prezidentin müraciəti Azərbaycanın iqlim dəyişmələri ilə bütün istiqamətlərdə inkişaf parametrləri arasında ciddi bir əlaqənin olduğuna söykənir. Yəni yanlış olaraq kimsə əgər belə bir qənaətə gələ bilsə ki, "insan hüquqlarının iqlim dəyişikliklərinə nə dəxli?" və yaxud da ki, "insanın yaşamaq haqqının iqlim dəyişikliklərinə nə dəxli?" və yaxud da "insanın sağlam həyat tərzinin iqlim dəyişiklərinə nə dəxli?" deyə suallar meydana gələrsə, onlara tutarlı cavabı məhz bu gün Bakıda keçirilən iqlim dəyişmələri ilə insan hüquqlarının inkişafı arasında məsələni özündə əks etdirən konfransdakı müzakirələrə müraciət etmək lazımdır. Ona görə ki, insanların ən böyük hüquqlarından olan yaşamaq hüququ, yəni kənar, zorakı müdaxilələrdən azad yaşamaq hüququ ancaq sağlam ətraf mühiti şəraitində və təhlükəsiz sosial mühitdə mümkündür. Belə bir şəraitdə Prezidentin Bakıdakı konfrans iştirakçılarına münasibəti Azərbaycanın həm iqlim dəyişmələrinin fəsadları ilə mübarizəyə nə qədər ciddi önəm verdiyini ifadə edir, həm də onun göstəricisidir ki, Azərbaycan iqlim dəyişmələri ilə mübarizə şəraitində insan haqlarının müdafiəsinə də o qədər diqqət edir.
Təsadüfi deyil ki, Azərbaycanın 2030-cu ilə qədərki inkişaf prioritetləri sırasında yaşıl enerji və sağlam ətraf mühit 5 əsas prioritetdən biri kimi qəbul olunub və bu məsələlərdə insanın sağlam və təhlükəsiz yaşamaq, istirahət etmək, öz gələcəyini təmin etmək hüququ ilə birbaşa bağlıdır. Ona görə də Azərbaycan prezidentinin bu konfransa xüsusi bir müraciət ünvanlanması bir daha onu ifadə edir ki, Azərbaycan ətraf mühitin mühafizəsinə, insan haqlarının qorunmasına və iqlim dəyişmələrinin fəsadları ilə mübarizəyə təkcə iqtisadi problem kim, siyasi problem kimi yox, həm də humanitar, humanist problem kimi yanaşır. Çünki bu eyni zamanda ətraf mühit və iqlim dəyişmələrinin ziyanlı nəticələrinin neytrallaşdırılması, eyni zamanda insanın daha sağlam və mənalı ömür yaşamasının təminatı deməkdir. Bax, COP29 ərəfəsində müxtəlif sahələr üzrə, eləcə də insan haqlarının qorunması və iqlim dəyişmələrinin fəsadları kontekstində keçirilən belə konfransların böyük strateji əhəmiyyəti. Eyni zamanda, bu müraciət, yəni prezidentin müraciəti Azərbaycanın bu sahəyə nə qədər strateji önəm verdiyinin daha bir ifadəsidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31