Dünya üçün fəlakət ssenarisi: Üçüncü Dünya müharibəsinin başlanma ehtimalı-Əli Zülfüqaroğlu- ÖZƏL

"İran doğru addım ataraq təmkinli davranır və maksimum çalışır ki, İsraillə birbaşa toqquşmaya getməsin". 

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu deyib:

"Əlbəttə, İran yaxşı başa düşür ki, İsrailin hücumları İranı birbaşa münaqişəyə cəlb etmək və avtomatik olaraq ABŞ ilə üz-üzə qoymaq məqsədi daşıyır. Netanyahu bilir ki, İsrailin  məlum planlarını  reallaşdırmaq üçün mütləq Yaxın Şərqdə qarşıdurma olmalıdır və ABŞ prosesdə aktiv şəkildə iştirak etməlidir. Maksimum çalışır ki, bu proses sürətlənsin, məhz onun dönəmində bir çox nəticələr əldə etsin.
Netenyahu həmçinin müharibəni genişləndirməklə ABŞ-dəki seçki prosesinə təsir etmək və savaşa qarşı olan böyük kütlənin səsinin Trampa getməsinə nail olmağa çalışır. Bunun üçün də müharibənin davam etdirilməsi lazımdır.
İsrail İranın müharibəyə girməsinə nail olarsa, o zaman ABŞ-ni də prosesə cəlb edə biləcək. Bununla da çalışır ki, Yaxın Şərqdə istədiyi zəmini formalaşdırsın, eyni zamanda İsrail daxilində Netanyahuya qarşı olan etiraz dalğası arxa plana keçsin. Bu planlae üzərindən siyasət yürüdülür. Əgər İranla İsrail arasında müharibə baş verərsə, o zaman ABŞ avtomatik olaraq prosesə qoşulacaq və İran üçün ciddi problemlər yaranacaq. İranla yanaşı, bu müharibənin başlanması Suriya daxil olmaqla bir sıra Yaxın Şərq ölkəsinin də prosesə cəlb olunmasına şərait yaradacaq. Nəticədə Rusiya Suriya ilə bağlı müdaxilə etmək məcburiyyətində qalacaq. Eyni zamanda, Yaxın Şərqdə öz dövlətçiliyi üçün ciddi təhdidlərin formalaşmasını görən Türkiyə prosesə qoşulacaq. ABŞ ilə yanaşı, koalisiya qüvvələri Britaniya, Fransa və digər Qərb ölkələri də bu müharibədə aktiv yer alacaq. Bu isə dünya müharibəsi deməkdir. Buna görə də İran və eyni zamanda Qərbə qarşı olan ittifaq- Rusiya, Çin və bir sıra ölkələr çalışırlar ki, İranı prosesdən yayındırsınlar. Amma İran geri çəkildikcə, İsrail daha da irəliyə gedir və mümkün olan hər şeyi edir ki, İrana ona cavab versin". 
Ə.Zülfüqaroğlu əlavə edib ki, İranın müharibədən yayınması onu xarici təhılükələrdən sığortalamaq məqsədi daşıyırsa,  mühafizəkar qanad daxilində islahatçı prezident Məsud Pezeşkiana və Ali Dini Liderə qarşı da etiraz dalğasını yüksəldir. Bu baxımdan İran, İsrailə cavab verməyə məcbur qaldı. Pezeşkianın son açıqlaması da göstərir ki, İran müharibəyə girmək niyyətində deyil. Əslində, doğru olan da budur. Maksimum çalışırlar ki, İranı müharibəyə cəlb etsinlər və İrana sarsıdıcı zərbələr vurulsun. Bu, Yaxın Şərqlə yanaşı, bütün dünyanı təhdid edir. Bayaq qeyd etdiyimiz faktorlar baxımından bu, bütün dünyanı təhdid edir. Genişmiqyaslı hərbi toqquşmanın baş verməsi Üçüncü Dünya müharibəsinin başlanma ehtimalını sürətləndirəcək və bu, əlbəttə, dünya üçün fəlakət ssenarisi deməkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31