Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaqdır- ÖZƏL
27 Sentyabr 2024 13:59 Siyasət"Artıq Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaqdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Hicran Hüseynova deyib: "Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr - Vətən müharibəsinin başladığı günün Azərbaycanda Anım Günü kimi qeyd olunması ilə bağlı 2020-ci 2 dekabr tarixində Sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir. Eyni zamanda, Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi inşa olunacaqdır. Bakıda, şəhərimizin ən gözəl yerlərinin birində İkinci Qarabağ müharibəsinin qəhrəmanlarının şərəfinə möhtəşəm abidə ucaldılacaqdır. Dövlətin ən mühüm prioriteti qazi və şəhid ailələrinə xüsusi qayğının göstərilməsidır. Ehtiyacı olan bütün qazilərə, şəhid ailələrinə dövlət tərəfindən lazımi köməklik göstərilməkdədir. Müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün ən müasir protezlər sifariş edilmişdir. "YAŞAT" Fondu tərəfindən indiyədək 17 minə yaxın hərbiçi öhdəliyə götürülmüşdür, 80 milyona yaxın vəsait toplanmış və müvafiq istiqamətlər üzrə həmin vəsaitin xərclənməsi davam etdirilir. Həm Birinci, həm də İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinin, qazilərin, müharibə veteranlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlətimizin hər zaman diqqətindədir. Hər zaman qazilərin, şəhid ailələrinin yanında olan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yaralanmış müharibə iştirakçılarının reabilitasiyası və onların sosial məsələlərinin həllinə xüsusi həssaslıq göstərirlər".
Alim Hüseynli
Olaylar.az