Ali Baş Komandannın müəllifi olduğu “Dəmir yumruq” ifadəsi xalqımızın milli həmrəylik simvoluna çevrilib- ÖZƏL

"44 günlük Vətən müharibəsində Ali Baş Komandannın müəllifi olduğu "Dəmir yumruq" ifadəsi xalqımızın milli həmrəylik simvoluna çevrilərək həm hərbi-strateji və mənəvi siyasi əhəmiyyətə, həm də xüsusi rəmzi mənaya malikdir. Ekran qarşısında Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətlərini, çıxışlarını izləyərkən, dövlət başçısının işğaldan azad olunmuş ərazilərə səfərləri çərçivəsində fikirlərini dinləyərkən yaddaşımıza həkk olunan "Dəmir yumruq"un varlığına, gücünə-qüdrətinə və əzəmətinə şahidlik etdik". "Olaylar" xəbər verir ki, bunu YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev deyib: "Prezident dəfələrlə qeyd etmişdi ki, işğalçılar Azərbaycan torpaqlarını tərk etməsələr, "Dəmir yumruq" onların başını əzəcək. Cənab İlham Əliyevin istifadə etdiyi bu ifadə İkinci Qarabağ müharibəsində hərbi əməliyyat adı kimi tarixiləşdi. Ali Baş Komandan qürurla qeyd etdi ki, biz "Dəmir yumruq"la erməni faşizminin başını əzdik, belini qırdıq. "Dəmir yumruq", hər şeydən əvvəl, qətiyyət, güc və həmrəylik simvoludur.
Dünyanın ən nüfuzlu liderləri sırasında olan Prezident İlham Əliyevin qətiyyəti, Azərbaycan dövlətinin, o cümlədən ordumuzun gücü, nəhayət, öz Liderinin ətrafında birləşmiş xalqımızın həmrəyliyi, birliyi "Dəmir yumruq"un rəmzi mənasını, mənəvi dəyərini və milli məzmununu əks etdirir. Bütövlükdə, XXI əsrin modern müharibə modeli və hərbi strategiyası Azərbaycana cəmi 44 günə Ermənistanı təslim olmağa məcbur etdi. Nəhayət, ermənilərin özləri haqqında yaratdığı "məğlubedilməzlik" mifi darmadağın oldu. Əlbəttə, bu Qələbə təkcə silah-sursat və texnika hesabına təmin edilmədi. Yüksək döyüş qabiliyyəti, taktiki və strateji hazırlıq, nümunəvi vətənpərvərlik ruhu, milli həmrəylik və digər mühüm amillər Azərbaycanın mütləq Qələbəsini şərtləndirən mühüm faktorlar kimi xüsusi qeyd edilməlidir".
Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31